Bu qrupda ballar xeyli aşağı düşəcək - Abituriyentlərin NƏZƏRİNƏ!
Dünən 15 mart tarixində keçirilmiş buraxılış imtahanının nəticələri elan olundu. Nəticələrə əsasən 9 nəfər maksimal - 300 bal toplayıb. Ümumilikdə isə bu il 11 nəfər maksimal nəticə əldə edib.
Nəticələrlə bağlı Redaktor.az-a danışan təhsil eksperti Kamil Talıbov qeyd etdi ki, birinci imtahanda 2 nəfər, ikinci imtahanda da 9 nəfər şagird mümkün olan maksimal 300 balın hamısını toplayıb:

"Bu da o deməkdir ki, keçən illə müqayisədə, keçən il bu say 54 idisə, hazırda biz bu rəqəmi 11 olaraq görürük. Xüsusilə də statistika onu göstərir ki, hazırda üçüncü qrupda qeydiyyatdan keçən şagirdlərin sayı digər qruplara, yəni birinci və ikinci qrupa nəzərən daha azdır. Bu da istər-istəməz, ən əsası da üçüncü qrupda balların nisbətən 50-60 bala qədər, hətta daha aşağı düşəcəyini göstərir. Eyni zamanda digər top ixtisaslar olan hüquq, İT (tədris ingilis dilində), bundan başqa tibb ixtisasları, maliyyə (tədris ingilis dilində) üzrə bütün qrupların yüksək ballı ixtisaslarında balların kifayət qədər aşağı düşəcəyi gözlənilir. Abituriyentlərə tövsiyəmiz odur ki, artıq onlar buraxılış imtahanının nəticələrini düşünməsinlər, maksimum şəkildə güclənib blok imtahanlarına hazırlaşsınlar. Çünki təkcə onlar pis yazmayıb, görünən odur ki, artıq bütün ölkə üzrə statistika keçən ilə nəzərən daha pisdir. Hər kəs maksimum gücünü verib blok imtahanlarına hazırlaşsın".
NURİYYƏ













