"Ana dilini bilməyən heç bir dili mükəmməl öyrənə bilməz" - İngilis dili müəllimi
Bu gün Dövlət İmtahan Mərkəzinin (DİM) Dövlət dili və xarici dillər üzrə şöbəsinin müdiri Könül Hacıyeva xarici dil fənni üzrə 11 illik buraxılış imtahanında tətbiq ediləcək yeniliklərdə danışıb. O qeyd edib ki, 2027-ci ildə keçiriləcək buraxılış imtahanlarında 25 qapalı sual, 1 yazı tapşırığı olacaq. Əvvəl isə həm qapalı, həm də açıq tipli suallar olub. DİM-in şöbə müdiri əlavə olaraq vurğulayıb ki, yeni imtahan modelini nəzərə alaraq imtahanın 15 dəqiqə artırılmasını nəzərdə tutublar və bu Nazirlər Kabineti tərəfindən təsdiq olunmalıdır.
İngilis dili müəllimi Səbinə Babayeva Redaktor.az-a açıqlamasında bildirdi ki, 2027-ci ildən etibarən ingilis dili fənni üzrə buraxılış imtahanlarında nəzərdə tutulan yeni format şagird və müəllimlərin diqqət mərkəzindədir:
"Yeni modelə əsasən imtahanda xarici dil üzrə 25 qapalı test sualı və bir açıq esse sualının olacağı qeyd olunur. İlk baxışda açıq sual sayının azaldılması imtahanın sadələşdirilməsi kimi görünə bilər. Lakin əslində esse tapşırığının mahiyyəti dəyişdirilərək daha çətin və daha tələbkar bir formaya salınıb. Gələn ilin abituryentlərindən 9-cu sinif buraxılış imtahanında 30–35 sözdən ibarət qısa təsviri esse və ya şəkil üzrə yazı tələb olunmuşdu, yeni modeldə artıq 100 sözdən ibarət mövzu əsaslı esse yazmaq tələb edilir. Bu dəyişiklik yalnız söz sayının artması deyil, eyni zamanda şagirdin fikrini daha geniş, ardıcıl və məntiqi şəkildə ifadə etməsini tələb edir. Bu isə hər şagirdin dil bacarıqlarına və yazı potensialına uyğun deyil. İmtahan müddətinin isə təxminən 15 dəqiqə artırılması nəzərdə tutularaq bu dəyişiklikləri qismən kompensasiya etsə də, bir çox hallarda bu vaxtın kifayət etməyəcəyi ehtimal olunur. Şagirdlərin yazı sürəti, düşünmə bacarığı və test həll etmə vərdişləri fərqli olduğuna görə, yeni format bəzi şagirdlər üçün əlavə çətinlik yaradacaq".
Həmsöhbətimizin fikrincə, problemin əsas səbəblərindən biri yalnız imtahan formatı deyil, ümumi təhsil sistemində mövcud olan baza çatışmazlıqlarıdır:
"Şagirdlərin həm ana dilində oxuyub-anlama bacarıqları, həm də yazılı ifadə qabiliyyətləri kifayət qədər inkişaf etmiş deyil. Leksikanın zəif olması, fikrin ardıcıl şəkildə ifadə edilməsində çətinliklər və mətn qurma bacarığının aşağı səviyyədə olması ciddi problemlər yaradır. Təcrübə göstərir ki, bir çox şagird hətta ana dilində gördüyü bir şəkli tam, məntiqli və əlaqəli şəkildə təsvir etməkdə çətinlik çəkir. Bu isə onların xarici dildə akademik yazı bacarıqlarının inkişafı üçün ciddi maneədir. Ana dilində ifadə bacarığı zəif olan şagirdin xarici dildə mükəmməl yazı yazması real deyil. Hazırkı vəziyyətdə şagirdlər çox zaman şablon cümlələr və əzbərlənmiş ifadələr vasitəsilə imtahanlara hazırlaşırlar. Bu yanaşma qısa müddətdə nəticə versə də, uzunmüddətli dil bacarığının formalaşmasına xidmət etmir. Nəticədə şagirdlər yaradıcı düşünmək və sərbəst yazı yazmaq əvəzinə, hazır modelləri təkrarlamağa yönəlirlər.
Bütün bu səbəblərə görə, bir çox xarici dil müəllimləri hesab edirlər ki, şagirdlərin yazı bacarıqları ilk növbədə ana dilində inkişaf etdirilməlidir. Daha sonra xarici dildə akademik yazı bacarıqlarının yoxlanılması daha düzgün yanaşma ola bilər. Əks halda, imtahanlarda tələb olunan nəticələr real dil bacarığını əks etdirməyəcək və sadəcə mexaniki öyrənməyə əsaslanacaq. Nəticə olaraq, yeni imtahan formatı texniki baxımdan müasirlışdirilmiş görünsə də, şagirdlərin mövcud hazırlıq səviyyəsi ilə müqayisədə kifayət qədər çətin və uyğunsuz bir modeldir. Təhsil sistemində əsas diqqət yalnız imtahan formatının dəyişdirilməsinə deyil, həm də şagirdlərin əsas dil bacarıqlarının, xüsusilə yazı və ifadə qabiliyyətlərinin sistemli şəkildə inkişaf etdirilməsinə yönəldilməlidir. Ana dilini bilməyən heç bir dili mükəmməl öyrənə bilməz", - deyə S.Babayeva vurğuladı.
Aytəkin TOFİQQIZI













