“Bu, dövlətin dil siyasətinə ziddir” – Nurəliyevdən mühüm AÇIQLAMA

 18:12 05.05.2026     1055

"İngilis dilində tədris bütün orta ümumtəhsil məktəblərinə şamil edilə bilməz. Bu, mümkün də deyil. Lakin buna icazə verilə bilər: necə ki, bizdə rus bölməsi var və tədris rus dilində aparılır, eyni şəkildə ingilis bölməsi də ola bilər. Yəni bir neçə orta ümumtəhsil məktəbində tədris dili ingilis dili ola bilər. Amma bütün orta ümumtəhsil məktəblərimizdə bunun tətbiqi qeyri-mümkündür, çünki bu, dövlətin dil siyasətinə zidd bir təşəbbüs olar. Ona görə də hesab edirəm ki, dövlət qurumları, xüsusilə də Elm və Təhsil Nazirliyi bütün orta ümumtəhsil məktəblərində tədris dilinin ingilis dilində olmasını qətiyyən dəstəkləməz".

Bunu Redaktor.az-a açıqlamasında elm və təhsil məsələləri üzrə ekspert Ramin Nurəliyev məktəblərdə ingils dilində tədrisdən danışarkən bildirdi.

Onun sözlərinə görə, bir neçə orta ümumtəhsil məktəbində müəyyən tədris prosesi ingilis dilində həyata keçirilə bilər:

"Bunda hər hansı bir problem yoxdur, dünyanın bir çox ölkələrində bu nümunələr mövcuddur. Eləcə də bizim özümüzdə tədrisi rus dilində olan məktəblərimiz, yaxud vaxtilə fəaliyyət göstərən fransızdilli məktəb var idi. Tədrisi ingilis dilində olan özəl liseylər və gimnaziyalar da təbii ki, fəaliyyət göstərir. Bununla yanaşı, dövlət məktəblərində də bu mümkündür. Yəni bunun qanunvericiliyə uyğun olaraq müəyyən təhsil müəssisələrində reallaşdırılması problem deyil. Düşünürəm ki, bu, bir üstünlük təşkil edər. Çünki ölkədəki orta ümumtəhsil məktəblərində tədrisin müxtəlif dillərdə aparılması təhsilin inkişafına müsbət təsir göstərər. Lakin bir şərtlə - öz ana dilini itirməmək şərtilə. Çünki bilirsiniz ki, tədris dili hansı xarici dildə (rus, ingilis və s.) olmasından asılı olmayaraq, həmin şagirdlər mütləq Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq dövlət dili (Azərbaycan dili) imtahanı verməlidirlər. Dövlət dili imtahanında 50 faizdən aşağı nəticə toplayanların ali təhsil müəssisələrinə müraciət hüququ olmur. Ona görə də bu tətbiq ana dilini sıxışdırıb ortadan çıxarmağa qətiyyən səbəb ola bilməz. Bu, dövlət tərəfindən irəli sürülən çox gözəl bir təşəbbüsdür və dövlətin Azərbaycan dilinə olan diqqət və qayğısını göstərir".

Ekspert qeyd etdi ki, şagird orta ümumtəhsil məktəbində hansı dildə təhsil almasından asılı olmayaraq 9-cu və 11-ci siniflərdə Azərbaycan dilindən imtahan verməlidir ki, ali təhsil müəssisəsinə müraciət edə bilsin:

"İmtahandan 50 faizlik həddi keçə bilməyənlər isə bu hüquqdan məhrum olunacaqlar. Bu, əslində çox gözəl bir mexanizmdir və ana dilimizin sıxışdırılmasına birmənalı olaraq imkan verməz. Dövlətimizin ana dilinə diqqət və qayğısı yüksək səviyyədədir. Bunu prezident də çıxışlarında tez-tez ifadə edir. Heydər Əliyev Fondu tərəfindən də ana dilinə göstərilən diqqət yüksəkdir. Ötən dəfə Leyla xanımın və Arzu xanımın iştirakı ilə ana dilində müəyyən müsabiqələrin keçirilməsi istiqamətində addımlar atılmışdı. Yəni Azərbaycan dilinə olan sevgi hər zaman dövlətin diqqət mərkəzindədir. Biz bunun mütəmadi şahidiyik. Bunun bariz nümunələrindən biri kimi bütün abituriyentlərin Azərbaycan dilindən imtahan verməsini və buraxılış imtahanındakı üç əsas fəndən birinin ana dili olmasını göstərmək olar. Ona görə də bu amilləri nəzərə alsaq, sözügedən təşəbbüs ana dilinin sıxışdırılması kimi qiymətləndirilə bilməz. Bəli, tədrisi xarici dillərdə aparılan orta məktəblər dövlətin inkişafına xüsusi töhfə verir. Çünki xarici investorlar Azərbaycana gəldiyi təqdirdə onların ailələrinin təhsil alması üçün lazımi imkanlar formalaşır".

Müsahibimiz tövsiyə edir ki, orta məktəblər arasında tədrisi Çin dilində olanlar da olsun:

"Çinli investor ölkəmizə gəldikdə övladının təhsil ala biləcəyi məktəb görsə, burada ailə şəraitini rahat qura biləcək. Bu isə Azərbaycanın daha da inkişaf etdiyini və təhsil sisteminin rəngarəngliyini göstərir. Bu təcrübə Avropa ölkələrinin əksəriyyətində var. Məsələn, müxtəlif ölkələrdə alman, fransız, ispan dilli məktəblər fəaliyyət göstərir. Bu, bizdə də olmalıdır. Dövlət artıq bunun üçün lazımi tədbirləri görüb və xüsusi meyarlar qoyub. Bildirilir ki, tədris hansı dildə (məsələn, rus dilində) olur-olsun, şagird Azərbaycan dilindən 50 faizlik nəticəni göstərməlidir. Həmin nəticəni əldə etmək üçün isə uşaq Azərbaycan dilini, onun qrammatikasını dərindən öyrənmək məcburiyyətində qalır. Odur ki, bu kimi təşəbbüslər Azərbaycan dilinin sıxışdırılmasına deyil, əksinə, dövlətin təhsil siyasətinin inkişafına xidmət edir".

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən