"Rayon və kənd məktəblərində idman müəllimi tapılmaya bilər" - Əməkdar müəllimdən XƏBƏRDARLIQ

 18:20 06.05.2026     3315

Bildiyimiz kimi, "Fiziki tərbiyə müəllimliyi" ixtisası 9 və 11 illik bazadan kolleclərdə ləğv olundu. Kadr hazırlığı isə yalnız ali təhsil istiqamətində aparılacaq.

Bəs bu qayda fiziki tərbiyə müəllimlərinin azalmasına səbəb olacaqmı?

Əməkdar müəllim Sona Əliyeva Redaktor.az-a açıqlamasında bildirdi ki, fiziki tərbiyə müəllimliyi ixtisasının kolleclərdə ləğvinin səbəbi məktəbdə çalışan müəllimin daha ciddi hazırlıq keçməsidir:

"Ən azından Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən verilən mesaj ilk baxışda belə oxunur. Hamımız bilirik ki, illərlə fiziki tərbiyə dərsinə məktəblərdə ciddi yanaşılmayıb. Bir çox məktəbdə bu dərs boş saat kimi qəbul olunub. Hətta bəzi hallarda buraxılış imtahanına düşən fənlərin saatı ilə əvəz edilib. Halbuki dünyada fiziki tərbiyə uşağın təkcə fiziki yox, həm də psixoloji, sosial və intizam baxımından formalaşmasında ən vacib istiqamətlərdən biri hesab olunur. Bu qərar keyfiyyət baxımından müəyyən müsbət nəticə verə bilər. Çünki ali təhsil bazasında hazırlıq daha genişdir, pedaqoji yanaşma daha sistemlidir. Nəzəri olaraq qərarın məntiqini anlamaq olur".

Müsahibimiz əlavə etdi ki, ixtisasın kolleclərdə ləğvindən sonra, bu peşənin nüfuzu yüksəlməsə, maaş və sosial təminat yaxşılaşmasa, regionlarda işləmək üçün motivasiya yaradılmasa, bir neçə ildən sonra fiziki tərbiyə müəllimlərinin məktəblərdə çatışmazlığı qaçılmaz olacaq.

"Xüsusilə rayon və kənd məktəblərində bu problem daha açıq hiss ediləcək. Çünki kolleclər bölgələr üçün daha əlçatan idi. Hamının universitet oxumaq imkanı yoxdur. Uşaqların paytaxta gəlib 4 il təhsil almasına hər ailənin maddi gücü çatmır. İnanmaq istəyirəm ki, bu qərar, müəllim hazırlığının keyfiyyətinə xidmət edəcək. Çünki fiziki tərbiyə müəllimi sadəcə top oynatmağı öyrədən adam deyil. O, uşağın enerjisini yönləndirən, intizam yaradan, komanda ruhu formalaşdıran, aqressiyanı idarə etməyə kömək edən insandır. Biz hamımız illərlə bu sahəyə ikinci dərəcəli fənn kimi baxdıq. İndi isə birdən-birə vahid ali təhsil modelinə keçirik. Əgər bu keçid düzgün idarə olunmasa, gələcəkdə məktəblərdə ciddi boşluq yaranacaq. Yəni məsələ kolleclərdə bu ixtisasın bağlanması deyil. Əsas məsələ odur ki yaranacaq boşluğu necə doldurmağı düşünmələridir", - deyə S.Əliyeva yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən