Məktəb rəhbərliklərini günahkar bilmək düzgün deyil - Məzahir Məmmədli

 18:12 06.05.2026     617

Ötən ay Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 121 nömrəli orta məktəbdə qida zəhərlənməsi olub. Qoğal yeyən 7 nəfərin zəhərləndiyi müşahidə olunub. Məktəbin bufetində yoxlamalar aparılıb. Yoxlama aparılarkən bufetin müvafiq qeydiyyatdan keçmədən fəaliyyət göstərdiyi, istifadə edilən məhsulların mənşəyini təsdiq edən sənədlərin mövcud olmadığı, eləcə də saxlanma şəraitinin sanitar-gigiyenik tələblərə cavab vermədiyi müəyyən edilib.

Bəs bu halda məsuliyyət kimin üzərindədir?

Redaktor.az-a danışan təhsil eksperti Məzahir Məmmədli bildirdi ki, orta məktəb bufetlərinin idarə olunması məktəb rəhbərliyinə birbaşa tabe deyil:

"Məktəb rəhbərliyi yalnız sanitar və gigiyenik qaydalara diqqət edir, tövsiyələr verir. Bufetlərin idarə olunması ümumi bir şirkət tərəfindən həyata keçirilir ki, bu şirkət orada qidalanmanı, təmizliyi, digər prosedurları həyata keçirir və qida satışını da təşkil edir. Ona görə də məktəb rəhbərliklərini bu məsələdə günahkar bilmək bir qədər düzgün gəlmir. Çünki onlar məsuliyyət daşımırlar. Keçən ayın axırlarında ümumi ciddi yoxlamalar aparıldı və çoxlu nöqsanlar aşkarlandı. Bu da artıq məktəb bufetlərinin işinə yenidən yanaşmanı şərt kimi ortaya qoyur. Ona görə də əksər məktəblər bu yoxlamalardan sonra qida rasionunda dəyişiklik etdilər və nəticələr də artıq müzakirə ərəfəsindədir. Yəqin ki, onlarla bağlı hər hansı bir ölçü götürüləcək. Qida Təhlükəsizliyi Agentliyi bu işlə məşğuldur, yoxlamalar onların da nümayəndələrinin iştirakı ilə keçirilib".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən