"Şagirdlərin 3 fəndən 85 açıq və qapalı sualı cavablandırması yanlışdır" - Təhsil ekspertindən ETİRAZ
Abituriyentlər, eləcə də bir sıra təhsil ekspertləri hesab edirlər ki, buraxılış imtahanlarında kodlaşdırma və cavabların köçürülməsi prosesi üçün əlavə vaxt ayrılmalıdır. Onların fikrincə, hazırkı 3 saatlıq müddət həm sualların cavablandırılması, həm də kodlaşdırmanın aparılması üçün kifayət etmir. Bu səbəbdən imtahan vaxtının əlavə yarım saat artırılaraq 3 saat 30 dəqiqə olması təklif edilir.
Mövzu ilə bağlı Redaktor.az-a danışan təhsil eksperti Cahid İmanlı bildirdi ki, şagirdin eyni bir məkanda fasiləsiz olaraq 3 saat yarım oturub eyni bir işlə məşğul olması, bu aspektdə imtahan sualları yazması nə fizioloji yanaşmaya, nə də pedaqoji yanaşmaya uyğun deyil:
"Yetkin bir insan belə bu müddətdə imtahan şəraitində psixoloji gərginlik keçirə bilər və eləcə də müəyyən təbii ehtiyacları yarana bilər. Buna görə 3 saatlıq imtahan müddəti belə çoxdur. Bundan əlavə şagirdlərin eyni zaman kəsiyində 3 fəndən 85 açıq və qapalı sualı cavablandırması belə yanlışdır. Uzun illər summativlərdə 45 dəqiqəyə 15-20 sualı cavablandırmağa alışmış şagirdləri buraxılış imtahanında başqa bir metodla imtahana cəlb etmək düzgün deyil. Bu gün tez-tez təhsil ictimaiyyəti Dövlət İmtahan Mərkəzinin siyasətini tənqid edir. Lakin DİM anlamalıdır ki, biz imtahanların ləğv olunmasını istəmirik, biz imtahan modelinin təkmilləşməsini istəyirik. Bu təkmilləşməni də ilk növbdə imtahanın keçirilmə vaxtında, modelində və məzmununda olmasını gözləyirik".
NURİYYƏ













