"Modul tipli məktəblərin açılması kəndlərimizin boşalmasının qarşısını alacaq" - AÇIQLAMA 

 11:41 12.05.2026     867

Elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, Azərbaycanda bu il müxtəlif bölgələrdə 100-dən artıq modul tipli məktəbin tikintisi nəzərdə tutulur.

Təhsil eksperti Məzahir Məmmədli Redaktor.az-a açıqlamasında bildirdi ki, son iki ildə məktəblərin optimallaşdırılması ilə bağlı bir təşəbbüs var idi:

"Təxminən 300-dən artıq məktəb daha böyük məktəblərə birləşdirildi. Yəni onlar üçün daha geniş imkanlar yaradıldı ki, işıqlı otaqlarda, yaxşı, savadlı müəllimlərdən təhsil alsınlar.

Bu il artıq Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə 100 modul tipli məktəbin qurulması həyata keçiriləcək. Bu da artıq ona imkan verəcək ki, kəndlər boşalmasın. Kəndçinin uşağı birinci sinfə gedəndə həmin kənddə məktəb yoxdursa, digər məsafələrə daşınması üçün məcburdur kənddən uzaqlaşsın. Onda da kənd həyatı, yəni ucqar yerlərdəki əhali artıq müəyyən daşınmaya məruz qalır, böyük şəhərlərə, böyük kəndlərə və yaxud da özünə uyğun iş tapa bildiyi yerlərə köç edirlər. Bu da ümumilikdə həmin kəndlərin dağılmasına, sıradan çıxmasına, yox olmasına gətirib çıxarır.

Düşünürəm ki, təhsil müəyyən qədər kəndlilərin öz dədə-baba yurdlarında qalmasına və uşaqlarının da təhsil almasında rol oyanır. Ona görə də modul tipli məktəblərin açılması, düşünürəm ki, həm təhsilə fayda verəcək, həm də kəndlərimizin boşalmasının qarşısını alacaq".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən