Təhsil ekspertləri yenidən abituriyent olsalar, hansı ixtisası seçərdilər? - SORĞU
Bildiyimiz kimi, hazırda Azərbaycan təhsilində abituriyentlər buraxılış imtahanını başa vurub, blok imtahanı mərhələsini gözləyirlər. Bu dövr onlar üçün həm həlledici, həm də seçim baxımından olduqca məsuliyyətli mərhələdir. Məhz bu vaxt abituriyentlər ixtisas seçimi ilə bağlı müxtəlif mənbələrə üz tutur, müəllimlərin, valideynlərin və xüsusilə təhsil ekspertlərinin fikirlərini öyrənməyə çalışırlar.
Maraqlıdır, əgər təhsil ekspertləri bu gün yenidən abituriyent olsaydılar, hansı ixtisasları seçərdilər və seçimlərini hansı meyarlar əsasında edərdilər?
Mövzu ilə bağlı Redaktor.az olaraq təhsil ekspertləri arasında sorğu keçirdik.
Ekspert Məzahir Məmmədli bildirdi ki, o yenə də humanitar sahəni seçərdi:

"Mən deyə bilərəm ki, humanitar sahənin nümayəndəsi olduğum üçün yenə də məhz bu istiqaməti seçərdim. Yaxşı tarixçi olmaq istərdim. Ümumiyyətlə, dünyanın tarixini bilmək, dünya proseslərinin necə formalaşdığını, hansı istiqamətdə inkişaf etdiyini, ölkələrarası münasibətlərin necə qurulduğunu öyrənmək mənim üçün hər zaman maraqlı olub. Bu səbəbdən böyük həvəslə yenidən humanitar sahəni seçərdim. Çünki dəqiq elmlərə - riyaziyyat, kimya, biologiya və fizika kimi sahələrə heç vaxt xüsusi marağım olmayıb. Əgər yenidən seçim imkanım olsaydı, tərəddüd etmədən yenə də humanitar sahəni seçərdim".
Ekspert Elçin Süleymanov isə bildirdi ki, onun əsas ixtisası maliyyədir:

"Elmi tədqiqatlarım da bu istiqamətdədir. Sadəcə uzun illərdir ali təhsil sistemində müəllim, baş müəllim, kafedra müdiri və prorektor kimi fəaliyyət göstərdiyimdən dolayi təhsil ilə əlaqəli də məlumatlıyam. Ancaq yenə də maliyyə ixtisasını seçərdim".
Ekspert Elçin Əfəndi isə sualımızı belə cavablandırdı:

"Yenidən ikinci bakalavr təhsilinə müraciət etsəydim, əlbəttə, süni intellekt əsaslı ixtisaslara üstünlük verərdim və ya kompüter elmlərini seçərdim. Çünki bu ixtisaslar təkcə bu günün deyil, bu əsrin, hətta gələcək əsrlərin ən perspektivli sahələri hesab olunur. Hazırda süni intellekt və kompüter elmlərini dərindən bilən, bu istiqamətdə özünü inkişaf etdirən, yüksək bilik və bacarıqlara malik mütəxəssislər yalnız öz həyatlarına deyil, eyni zamanda gələcək nəsillərin inkişafına da ciddi təsir göstərən şəxslərə çevrilirlər. Bu səbəbdən də süni intellekt və ya kompüter elmləri üzrə təhsil almaq mənim üçün olduqca cəlbedici və məqsədəuyğun seçim olardı".
Ekspert Cahid İmanlı isə bildirdi ki, o, tarix ixtisasını bitirib:

"Yenidən abituriyent olsaydım yenə də tarix ixtisasını seçərdim. Baxmayaraq ki, bu fənnin prestiji son illər çox aşağı düşüb, şəxsi inkişaf və maddi qazanc baxımından uyğun ixtisas deyil. Amma cəmiyyətə fayda vermək baxımından, milli kimliyə və dolayısı ilə gələcəyimizə sahib çıxmaq uçün fənnin əhəmiyyəti olduqca böyükdür. Bu gün kimliyini itirib məhv olan onlarla xalq var, dünyanın ən inkişaf etmiş xalqı olub, türklüyünü unutmuş olsan nəyə dəyər? Və yaxud bu gün xaricdə təhsil alıb orada da çalışan onlarla tələbə Azərbaycanı unutsa, fəaliyyətində Vətən üçün heç nə etməsə bizə nə faydası olar? Bütün bunların olmaması üçün bu fənnin zəruriliyini dərk edərək yenə də tarix ixtisasını seçərdim".
Təhsil eksperti Elçin Murad da yenidən öz ixtisasını seçəcəyini dedi:

"Mən yenə də öz ixtisasımı, yəni Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisasını seçərdim. Çünki insan öz bildiyi və həvəsi olan ixtisasın arxasınca getsə, daha uğurlu nəticələrə imza atar".
Ekspert Ramin Nurəliyev isə bildirdi ki, o, müəllimlik ixtisasını bütün ixtisaslardan üstün tutur:

"Əvvəl də müəllimlik ixtisasını seçib qəbul olmuşdum. Yenə də, müəllimlik ixtisasını seçərdim. Bunu həqiqətən də, içdən deyirəm. Çünki hakimin də, mühəndisin də, nazirin də müəllimi olmaq gözəl hissdir, deyə düşünürəm. Bu gün şagirdlərimin müxtəlif sahələrdə xidmət göstərdiyini gördükdə adam müəllimlikdən zövq alır".
Ekspert Elmin Nuri isə vurğuladı ki, təhsil artıq həyatımızın ayrılmaz tərkib hissəsinə çevrilib:

"Təbii ki, istər keçmiş, istərsə də gələcəklə bağlı bütün seçimlərimizdə yalnız və yalnız təhsilyönümlü ixtisasları seçə bilərik. Xüsusən də sırf təhsilin idarəedilməsi, təhsil menecmenti kimi ixtisasları yenidən abituriyent olsa idim, yaxud, olacağım təqdirdə asanlıqla və məmnuniyyətlə seçə bilərəm. Bu məsələdə hətta yalnız keçmiş zamanda deyil, həm də gələcək zaman üçün əsas hədəflərdən biri kimi də danışa bilərəm. ADA Universitetində təhsilin idarəedilməsi ixtisasını mütləq və mütləq ən birinci seçim kimi götürərdim".
NURİYYƏ













