Azərbaycanda müəllimə hörmətsizliyə görə valideynlər cərimələnə bilər - AÇIQLAMA
"Qazaxıstanda valideynlərin şagirdin müəllimə qarşı hörmətsiz davranışına görə cərimə edilməsi cəmiyyətdə müəllim nüfuzunun qorunması və məktəbdə sağlam nizam-intizamın təmin olunması məqsədi daşıyır. Müəllimə qarşı hörmətsiz davranış yalnız fərdi etik problem deyil, eyni zamanda təhsil mühitinə və tədrisin keyfiyyətinə mənfi təsir göstərən amildir. Bu baxımdan müəllimin hüquqlarının qanunvericilik səviyyəsində qorunması bir çox ölkələrdə vacib istiqamət kimi qəbul edilir".
Bu fikriləri Redaktor.az-a danışan Milli Məclisin Elm və təhsil komitəsininü üzvü Vasif Qafarov bildirdi.
Millət vəkili vurğuladı ki, Azərbaycanda son illər müəllim nüfuzunun qorunması məsələsi daha çox müzakirə olunur:

"Sosial şəbəkələrdə, məktəb mühitində və bəzi hallarda valideyn-müəllim münasibətlərində yaşanan problemlər göstərir ki, bu istiqamətdə müəyyən hüquqi və ictimai mexanizmlərə ehtiyac var. Qazaxıstandakı kimi cərimələrin tətbiqi müəyyən mənada profilaktik təsir göstərə və məktəbdə məsuliyyət hissini artıra bilər. Lakin burada əsas məsələ yalnız cərimə tətbiq etmək deyil. Müəllimin nüfuzunun artırılması ilk növbədə cəmiyyətin müəllim peşəsinə münasibətindən, ailədə verilən tərbiyədən və məktəbdə formalaşdırılan dəyərlərdən asılıdır. Əgər şagird müəllimə hörmət anlayışını ailədə və məktəbdə düzgün mənimsəyirsə, inzibati cəzalara ehtiyac da minimuma enir. Bu səbəbdən Azərbaycanda belə mexanizmlərin tətbiqi müzakirə oluna bilər, xüsusilə müəllimin təhqir olunması və ya tədris prosesinə qəsdən maneə yaradılması hallarında hüquqi məsuliyyət müəyyən edilə bilər. Amma bu addımlar maarifləndirmə, psixoloji yanaşma və məktəb-valideyn əməkdaşlığı ilə paralel həyata keçirilməlidir. Əsas məqsəd qorxu yaratmaq yox, müəllim nüfuzunu və təhsil mühitində qarşılıqlı hörmət mədəniyyətini gücləndirmək olmalıdır".
Aytəkin TOFİQQIZI













