"İmtahan sualları şagirdləri tələyə salmaq üçün hazırlanmır" - Məleykə Abbaszadə
Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə imtahan suallarının şagirdləri “tələyə salmaq” məqsədi daşıdığı ilə bağlı fikirlərə münasibət bildirib.
Redaktor.az xəbər verir ki, o, APA İnformasiya Agentliyinə müsahibəsində qeyd edib ki, DİM-in məqsədi şagirdləri çaşdırmaq deyil, onların bilik və bacarıqlarını dəqiq qiymətləndirməkdir.
Məleykə Abbaszadənin sözlərinə görə, imtahanlarda istifadə olunan suallar məktəb proqramına tam uyğundur və müxtəlif çətinlik səviyyələrinə əsasən hazırlanır.
“Ümumi riyazi biliklər ölkədə elə də yaxşı səviyyədə deyil”, - deyə DİM sədri vurğulayıb.
O bildirib ki, bəzi sadə riyaziyyat sualları belə şagirdlər tərəfindən çətin qəbul olunur. Nümunə kimi dördbucaqlının diaqonallarının sayı ilə bağlı sadə bir sual göstərilib və qeyd olunub ki, bu tip tapşırıqların cavablandırılması cəmi bir neçə saniyə çəkir.
Məleykə Abbaszadə əlavə edib ki, builki buraxılış imtahanında funksiyanın qrafiki ilə bağlı açıq tipli bir suala şagirdlərin böyük əksəriyyəti cavab verə bilməyib və iştirakçıların 76 faizdən çoxu həmin sualı ümumiyyətlə boş buraxıb.
Onun sözlərinə görə, riyazi biliklər mərhələli şəkildə formalaşır və şagird ibtidai siniflərdən baza biliklərini düzgün mənimsəməlidir.
“Müəllim natural ədədləri bilməyən şagirdə deyə bilməz ki, səni bir-iki ilə imtahana tam hazır edəcəyəm”, - deyə o qeyd edib.
DİM sədri bildirib ki, imtahandakı sadə suallar zəif və orta nəticə göstərənləri fərqləndirmək, çətin suallar isə yüksək hazırlıqlı şagirdləri seçmək üçün nəzərdə tutulub.
Müsahibədə o da qeyd olunub ki, builki buraxılış imtahanında 280-dən yuxarı bal toplayan 896 nəfər qeydə alınıb və yüksək nəticələr ölkənin müxtəlif bölgələrində müşahidə olunub.
Məleykə Abbaszadə sosial şəbəkələrdə səsləndirilən fikirlərin ümumi statistikanı əks etdirmədiyini də vurğulayıb.













