Özəl universitetlərdə qəbul səviyyəsi fərqlidir - DİM sədri rəqəmləri AÇIQLADI
Özəl ali təhsil müəssisələrinə qəbul və subbakalavrların universitetlərə yerləşdirilməsi ilə bağlı Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə açıqlama verib.
Redaktor.az xəbər verir ki, o, APA-ya müsahibəsində ali təhsil müəssisələri arasında qəbul göstəricilərində ciddi fərqlərin olduğunu bildirib.
Məleykə Abbaszadənin sözlərinə görə, fərqlər yalnız özəl və dövlət universitetləri arasında deyil, ümumilikdə bütün ali məktəblər üzrə müşahidə olunur.
O qeyd edib ki, bəzi universitetlərdə birinci qrup üzrə orta qəbul balı 600 və daha yuxarı olduğu halda, bəzi ali məktəblərdə bu göstərici 300 baldan aşağıdır.
DİM sədri bildirib ki, bir sıra özəl universitetlər artıq tədris keyfiyyətini artıraraq daha güclü kontingent formalaşdırmağa nail olub.
Onun sözlərinə görə, həmin universitetlərə qəbul olan abituriyentlərin orta bal göstəricisi 400-dən yuxarıdır və bu da seçim prosesinə təsir edir.
Məleykə Abbaszadə subbakalavrların ali məktəblərə qəbuluna da toxunub və onların müxtəlif universitetlərdə təhsil aldıqlarını bildirib.
Onun sözlərinə görə, bir sıra region universitetlərində subbakalavrların payı 15–40 faiz arasında dəyişir.
DİM sədri qeyd edib ki, Bakı Dövlət Universiteti, Azərbaycan Tibb Universiteti, Bakı Ali Neft Məktəbi, ADA Universiteti, Qarabağ Universiteti, Milli Aviasiya Akademiyası və digər aparıcı ali təhsil müəssisələrində isə subbakalavrların sayı ya çox azdır, ya da ümumiyyətlə yoxdur.













