"Müəllimə qarşı hörmətsizlik və dərsi pozan davranışlar nəticəsiz qalmamalıdır" - Əməkdar müəllimdən TƏKLİF
Xəbər verdiyimiz kimi, məktəblərdə şagirdlərə qarşı fiziki zorakılıq göstərən müəllimlər cərimələnəcək. Müəllimlərin şagirdlərə belə rəftar etməsilə yanaşı, müəllimə qarş edilən hörmətsizliklər də az deyil.
Bəs maraqlıdır, müəllimlərə hörmətsizlik edən şəxslərin cərimələnməsi metodu ölkəmizdə tətbiq oluna bilərmi?
Mövzu ilə bağlı Redaktor.az-a danışan Əməkdar müəllim Sona Əliyeva bildirdi ki, belə hallarda şagird birbaşa cərimələnməməlidir, amma müəllimə qarşı hörmətsizlik, təhqir və dərsi pozan davranışlar da nəticəsiz qalmamalıdır:
"Çünki şagird hüquqi və iqtisadi baxımdan müstəqil şəxs deyil. Ona yazılan cəriməni faktiki olaraq valideyn ödəyəcək. Yəni davranışı uşaq edir, cəzanı valideyn çəkir. Bu isə pedaqoji baxımdan hər zaman düzgün nəticə vermir. Uşaq öz davranışının mənəvi və sosial nəticəsini anlamırsa, ailəyə cərimə yazmaq problemi kökündən həll etmir. Digər tərəfdən, “hörmətsizlik” anlayışı uşaqlar üçün çox həssas məsələdir. 8 yaşlı uşağın davranışı ilə 16-17 yaşlı yeniyetmənin davranışı eyni ölçü ilə qiymətləndirilə bilməz. Kiçik yaşlı uşaq bəzən emosiyasını idarə edə bilmir, davranışının nəticəsini tam anlamır. Yeniyetmədə isə bu, artıq şüurlu etiraz, aqressiya və ya ailədən gətirilən münasibət modeli ola bilər. Ona görə bu məsələ yaşa, davranışın ağırlığına və təkrar olunma halına görə ayrıca qiymətləndirilməlidir. Amma bu o demək deyil ki, məktəbdə hər şeyə göz yumulmalıdır. Müəllimə qarşı təhqir, sinifdə dərsi pozmaq, müəllimi alçaltmaq, sosial şəbəkədə hədəfə çevirmək və ya aqressiv davranış göstərmək ciddi məsələdir".
Müsahibimiz əlavə etdi ki, müəllim də şagird kimi məktəbdə qorunmalıdır:
"Əgər müəllim şagirdə qarşı kobud rəftarına görə məsuliyyət daşıyırsa, şagirdin və valideynin də məktəb qarşısında məsuliyyəti olmalıdır. Məncə, burada əsas məsuliyyət valideynlə məktəb arasında bölüşdürülməlidir. Valideyn uşağını məktəbə göndərməklə işini bitmiş hesab edə bilməz. Uşağın müəllimlə necə danışması, qaydaya necə əməl etməsi, sinifdə özünü necə aparması ailə tərbiyəsinin göstəricisidir. Evdə müəllim nüfuzdan salınırsa, uşaq məktəbdə müəllimə hörmət etməyəcək. Evdə uşağa sərhəd qoyulmursa, sinifdə intizam tələb etmək çətinləşəcək. Bu səbəbdən cərimə birinci addım olmamalıdır. Əvvəlcə məktəbdaxili mexanizmlər işləməlidir".
Əməkdar müəllimin fikrincə, sinif rəhbəri və psixoloq uşağın davranışını araşdırmalı, valideyn rəsmi şəkildə prosesə cəlb olunmalı, davranış təkrar olunursa, nizam-intizam komissiyası məsələni qiymətləndirməlidir.
"Yalnız sistemli, qəsdən və faktla sübut olunan hallarda valideyn məsuliyyəti gündəmə gələ bilər. Şagird üçün də qeyri-maddi nəticələr olmalıdır. Məsələn, psixoloqla məcburi görüşlər, məktəbdaxili ictimai məsuliyyət tapşırıqları, müəyyən tədbirlərdə iştirakın məhdudlaşdırılması kimi tərbiyəvi mexanizmlər tətbiq oluna bilər. Uşaq anlamalıdır ki, müəllimi təhqir etmək “adi zarafat” deyil, məktəb mühitinə və başqa uşaqların təhsil hüququna zərbədir.
Biz məktəbi cəza məkanına çevirməməliyik, amma məsuliyyətsiz davranışın da normal qəbul edilməsinə imkan verməməliyik.
Müəllimin hüququ qorunmalıdır, şagirdin hüququ qorunmalıdır, valideyn isə bu prosesdə kənarda dayanan tamaşaçı olmamalıdır. İlkin olaraq, ilk addım kimi şagirdin birbaşa cərimələnməsi doğru deyil, amma onun davranışına görə valideyn və məktəb məsuliyyət daşımalıdır. Təkrar, qəsdən və ağır hallarda valideyn məsuliyyəti artırıla bilər. Çünki məktəbdə intizam yalnız müəllimin təsiri ilə yox, ailə, məktəb və qanunun birlikdə işləməsi ilə yaranır.
Müəllimə hörmət ailədə öyrədilməli, məktəbdə qorunmalı, qanunla da dəstəklənməlidir. Əks halda müəllimin nüfuzu zəiflədikcə, təhsilin keyfiyyəti də zəifləyəcək", - deyə Sona Əliyeva vurğuladı.
Xədicə BAXIŞLI













