ETN yanında İctimai Şuranın katibindən sertifikasiya sualları ilə bağlı maraqlı TƏKLİF
"Müəllimlərin sertifikatlaşdırılması artıq təhsil sistemində keyfiyyətin artırılması baxımından öz əhəmiyyətini göstərmiş bir mexanizmdir. Bu proses müəllimlərin bilik və bacarıqlarını qiymətləndirməklə yanaşı, onların peşəkar inkişafına da stimul verir. Ümumilikdə sistemin məqsədi doğrudur və müəllimlərin öz üzərində daha çox işləməsinə müsbət təsir göstərir".
Bu fikirləri Redaktor.az-a müəllimlərin sertifikatlaşma prosesində hansısa dəyişikliklərin mümkün olub-olmamasından danışan Zəngilan şəhəri 33 nömrəli məktəbin ingilis dili müəllimi, Elm vəTəhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova səsləndirdi.
Onun sözlərinə görə, hər bir qiymətləndirmə mexanizmi kimi sertifikatlaşdırma prosesi də zaman-zaman təkmilləşdirilə bilər:
"Məncə, ən vacib məsələlərdən biri imtahan suallarının müəllimin gündəlik fəaliyyəti ilə daha sıx əlaqələndirilməsidir. Suallar təkcə nəzəri bilikləri deyil, müəllimin sinifdə qarşılaşdığı real situasiyalarda qərarvermə bacarığını, şagirdlərlə ünsiyyətini, fərdi yanaşma imkanlarını və müasir tədris metodlarından istifadə səviyyəsini də əhatə etməlidir. Eyni zamanda, beynəlxalq təcrübədə müəllimlərin qiymətləndirilməsi yalnız test nəticələri ilə məhdudlaşmır. Bir çox ölkələrdə bu prosesə müəllimin portfolioları, dərs müşahidələri, peşəkar inkişaf fəaliyyəti və əldə etdiyi nəticələr də daxil edilir. Gələcəkdə Azərbaycanda da sertifikatlaşdırmanın bu istiqamətdə daha da zənginləşdirilməsi müəllimlərin potensialını daha obyektiv qiymətləndirməyə kömək edə bilər".

G.Əkbərova hesab edir ki, digər vacib məqam isə müəllimlərin psixoloji hazırlığı və dəstəklənməsidir:
"Sertifikatlaşdırma müəllimlər üçün narahatlıq yaradan bir proses deyil, onların inkişafına xidmət edən bir imkan kimi qəbul olunmalıdır. Bunun üçün əvvəlcədən təşkil olunan hazırlıq proqramları, izahlı vəsaitlər və sınaq imtahanları daha da genişləndirilə bilər. Ümumilikdə hesab edirəm ki, sertifikatlaşdırma prosesinin əsas mahiyyəti düzgün qurulub. Sadəcə, prosesin praktik yönümlülüyünün artırılması, qiymətləndirmənin daha çox peşəkar fəaliyyətə əsaslanması və müəllimlərə dəstək mexanizmlərinin gücləndirilməsi onun effektivliyini daha da artırar. Ən əsası isə müəllimlər bu prosesi bir yoxlama deyil, öz peşəkar inkişaflarını təsdiqləmək və yeni mərhələyə keçmək imkanı kimi görməlidirlər".
Xatırladaq ki, bu ilin iyun ayında müəllimlərin növbəti sertifikatlaşdırma prosesi başlayacaq.
NURİYYƏ













