Ən yaxşı məktəb və müəllim axtaranların NƏZƏRİNƏ!
"Bildiyimiz kimi, birinci sinfə qəbul prosesi hazırda davam edir. Təbii ki, valideynlər dövlət ümumtəhsil məktəbləri, lisey və gimnaziyalar arasında seçim etməkdə müəyyən tərəddüdlər yaşayırlar. Biz isə hər zaman tövsiyə edirik ki, yaxşı məktəb axtaran valideynlər üçün ən yaxşı məktəb evə yaxın olan təhsil müəssəsidir".
Bu fikirləri Redaktor.az-a açıqlamasında elm və təhsil məsələləri üzrə ekspert Elçin Əfəndi səsləndirdi.
Onun fikrincə, şagirdin yaxın məktəbdə təhsil alması vacibdir.
"Çünki uzaq məsafəyə getmək həm uşağın fiziki yorğunluğuna səbəb olur, həm də yollarda nəqliyyat sıxlığının artmasına təsir göstərir. Buna görə də ən yaxşı məktəb, dediyimiz kimi, yaxın olan məktəbdir və valideynlər bu prinsipə riayət etməlidirlər. Məktəbdə çalışan müəllimlərlə bağlı da məlumat toplamaq mümkündür. Bildiyiniz kimi, sistem artıq kifayət qədər obyektivdir və valideynlərə müəllim, hətta sinif seçimi imkanı təqdim olunur. Onlar maraqlansınlar, təhsil göstəriciləri yüksək olan müəllimləri müəyyənləşdirsinlər və seçim zamanı bu fürsətdən yararlansınlar".

Mütəxəssis qeyd etdi ki, istər lisey, istər gimnaziya, istərsə də dövlət ümumtəhsil məktəbi olsun, bu təhsil müəssisələrində oxuyan şagirdlər yuxarı təhsil pillələrinə çatdıqda adətən əlavə hazırlıqlara üz tuturlar:
"Bunun olimpiada hazırlığı, abituriyent hazırlığı və ya beynəlxalq imtahanlara hazırlıq olması fərq etmir. Yəni ən yaxşı məktəbdə təhsil alan şagird belə sonradan əlavə hazırlıq keçməyə ehtiyac duyur. Buna görə də valideynlər əlavə vaxt və maliyyə itkisinin qarşısını almaq üçün ilk növbədə yaxın məktəbi seçə bilərlər. Təbii ki, əgər uşaq dövlət ümumtəhsil məktəbində oxuyursa, sonradan onun qarşısında başqa imkanlar da açılır. Məsələn, 7-ci sinfə qədər həmin məktəbdə təhsil aldıqdan sonra liseylərə qəbul imtahanı verərək təhsilini daha ixtisaslaşmış məktəblərdə davam etdirə bilər".
Müsahibimizin fikrincə, yuxarı siniflərdə artıq şagirdlərin maraq və bacarıqlarını daha dəqiq müəyyənləşdirmək mümkün olur:
"Məsələn, fizika və riyaziyyat fənlərinə marağı və uğurları yüksək olan şagirdlər fizika-riyaziyyat təmayüllü liseylərə, humanitar sahələrə meyilli olanlar isə müvafiq istiqamətli liseylərə üz tuta bilərlər. Lakin ilkin mərhələdə, yəni ibtidai təhsil dövründə ən məqsədəuyğun seçim uşağın yaşadığı əraziyə yaxın olan məktəbdir".
Xədicə BAXIŞLI













