"ChatGPT" məktəblərə gəlir: Şagirdlər artıq müəllimsiz öyrənəcək? - AÇIQLAMA
Elm və Təhsil Nazirliyi “ChatGPT” alətini hazırlayan “OpenAI” ilə təhsil sahəsində mühüm əməkdaşlığa başlayır. Bu əməkdaşlıq çərçivəsində müəllimlərin gündəlik işini asanlaşdıracaq, şagirdlərin isə daha yaxşı öyrənməsinə dəstək olacaq yeni süni intellekt əsaslı həllərin hazırlanması nəzərdə tutulur.
Mövzu ilə bağlı Redaktor.az-a danışan təhsil eksperti Məzahir Məmmədli bildirdi ki, süni intellektin elmə tətbiqi ciddi problemlər yaradır.

Onun sözlərinə görə, həddi-büluğ, yeniyetmə dövrünü yaşayan uşaqlar bəzən xüsusi bir tənhalığa da çəkilirlər:
"Özlərinə ətrafda, çevrədə dost tutmaq əvəzinə, məsələn, "ChatGPT"ni dost hesab edirlər və onunla müəyyən məsləhətləşmələr aparırlar. Bütün hallarda biz dünyadan kənarda dura bilmərik. “Bu, dünya inteqrasiyasıdır və buna görə elm və təhsil sahəsində sürətli qloballaşma gedir. Dünyanın tərkib hissəsiyik deyə, bu sahəyə qoşulmalıyıq. Amma mən elə bilirəm ki, şagirdlərin üzərində bu eksperimentlərin aparılması o qədər həssas, o qədər peşəkar şəkildə aparılmalıdır ki, bu, zərərli bir yerə gətirib çıxartmasın. Çox təəssüf ki, bizdə də hələ bu sahə üzrə ixtisaslaşmış müəllimlər yoxdur, pedaqoqlar formalaşmayıb, tədris proqramı yoxdur. Bundan müəyyən mənada yararlanmağa dəyər. Amma ümumilikdə onu tam təhsilə tətbiq etmək, məncə, ancaq bizə zərər verə bilər".
Aytəkin TOFİQQIZI













