"Müəllimin uğur qazanmaq üçün başqa bir müəllimin təcrübəsindən istifadəsi təqdirəlayiqdir" - Rəşad Qardaşov

 13:51 03.06.2026     1126

Ölkə üzrə 17-25 iyun tarixlərində müəllimlərin sertifikasiya imtahanları keçiriləcək. Bu ərəfədə isə ən aktual məsələlərdən biri sertifikasiyaya hazırlaşan müəllimlərin başqa bir müəllim yanına hazırlığa getməsidir.

Bəs sertifikasiyaya hazırlaşan müəllimin digər bir müəllimdən hazırlıq keçməsi düzgündürmü?

Redaktor.az-a danışan Bakı Dövlət Universitetinin dosenti Rəşad Qardaşov hesab edir ki, bir müəllimin başqa bir müəllimin təcrübəsindən istifadə etməsi normal bir haldır:

"Yəni bir müəllim uğur qazanmaq istəyirsə – təbii ki, sertifikasiyada da bir uğurdur – bu uğuru qazanmaq üçün başqa bir müəllimin biliyindən, təcrübəsindən yararlanırsa, fikir polemikası aparırsa, bu, olduqca təqdirəlayiq və normal bir haldır. Sertifikasiya hazırlaşarkən müəllim hansısa bir hazırlıq kursunamı, bir müəllimin yanınamı gedirsə, bunu çox normal qarşılamaq lazımdır. Bu, hər zaman olub və olacaq. Repetitorluq olub, var və bundan sonra da olacaq. Bunun məzmunu və müəyyən quruluşu dəyişə bilər, müxtəlif interpretasiyalar etmək olar. Amma bu, kommersiya xarakteri ala bilər. Nə mənada kommersiya xarakteri ala bilər? Məsələn, belə bir fikir formalaşa bilər ki, ancaq konkret bir ünvana gedin, filan müəllimin yanına gedin, orada uğur qazanacaqsınız. Burada artıq bir az kommersiya xarakteri alır. Bunun qarşısı necə alınmalıdır və yaxud alınmalıdırmı?".

Həmsöhbətimizin fikrincə, sertifikasiya imtahanını keçirərkən o sahə üzrə düşə biləcək sualların formatları, məzmunları üçün müəyyən bir toplu hazırlanmalıdır:

"Təbii ki, müəyyən toplular da var, müəyyən vəsaitlər də var. Müəllim bilməlidir ki, bu topludan, bu vəsaitlərdən hazırlaşarkən ona təqdim olunan suallardan minimum baryeri keçə biləcək, yəni uğur qazanacaq. Konkret bir hədəf olmalıdır. O hədəfə yönəlməlidir. Cəmiyyət üçün lazım olan minimum baryeri bütün müəllim öz üzərində keçməlidir. Bu nə deməkdir? Bundan qabaq da müəllimlərin kurslara dəvət olunması var idi. Müəllimlər kursa gedirdi. Hələ bu sovet dönəmində də var idi. Müəllimlərimiz müəyyən illərdən sonra təkmilləşdirmə kurslarına gedirdi. Bu kursların da məqsədi dövrün, zamanın yeni texnologiyasını, yeni vərdişlərini tədrisə cəlb etmək idi. Ona görə də müəllimlərin daim öz üzərlərində işləməsi də normal haldır və bu mütləqdir, dövrün tələbidir. Zaman dəyişir. Artıq bizim müəllimlərin qalıq bilikləri - təbii ki, burada fundamental elmlərdən söhbət getmir, müəyyən nəzəri biliklərdən söhbət gedir - 5 il, 10 il dərinliyə qədər kifayət edir. Axı zaman getdikcə dəyişdikcə, bu biliklər daha da təkmilləşdirilməlidir. Sertifikasiyanın, diaqnostikanın da əsas məqsədlərindən biri də budur. Təkmilləşdirmə kursları bundan qabaq da olub və indi də var, olacaq. Konkret bir hədəfə uyğunlaşmaq üçün müəllim imtahan verməlidir. Bu da testləndir. Bu zaman müəllimin hər nə qədər savadlı olsa da, biliyi kifayət qədər olsa da, onun test üzərində motorikası da mühüm əhəmiyyət kəsb edir. Ona görə hazırlıq kurslarına getmələri, konkret bir müəllim yoldaşından kömək alması həm də onun test işləmə bacarığını ortaya qoyur. Testlərlə necə işləmək lazımdır? İndi sual oluna bilər ki, müəllim özü testlə işləyə bilmir? Təbii ki, bilir. Müəllim testlə işləyə bilir. Onun bacarığı yüksək səviyyədədir. Lakin imtahana düşən test sualları ətrafında onun da, müəllimin belə yardım alması çox normal haldır. Sertifikasiyası imtahanından keçmək üçün hansısa bir müəllim yoldaşından yardım alması, onun biliyindən yararlanması da olduqca təqdirəlayiq hal hesab edirəm. Lakin bu, kommersiya məqsədi almamalıdır".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən