"Azərbaycan təhsilində inqilabi dövr başlayacaq" - Əməkdar müəllimdən yeni qərara REAKSİYA

 14:50 03.06.2026     3238

Elm və Təhsil Nazirliyi “ChatGPT” alətini hazırlayan “OpenAI” ilə təhsil sahəsində mühüm əməkdaşlığa başlayır. 

Bəs "ChatGPT" kimi alətlər şagirdlərin öyrənmə keyfiyyətini necə artıra bilər?

Mövzu ilə bağlı Redaktor.az-a danışan Əməkdar müəllim Sona Əliyeva bildirdi ki, bu, Azərbaycan təhsili üçün vacib və vaxtında atılmış addımdır:

"Çünki süni intellekt artıq gələcəyin texnologiyası deyil, bu günün reallığıdır. Təhsil isə reallıqdan kənarda qala bilməz. Lakin burada ən vacib məsələ, süni intellektin necə, hansı nəzarətlə və hansı pedaqoji məqsədlə tətbiq olunmasıdır. Bu texnologiyanın ən böyük üstünlüyü fərdiləşdirilmiş öyrənmə (personalized learning) imkanıdır. Bu gün 25-30 nəfərlik siniflərdə hər bir şagirdin qavrama sürəti eyni deyil, bəzi uşaqlar riyaziyyatda geri qalır, bəziləri mətni anlamaqda çətinlik çəkir, digərləri isə fikrini yazılı ifadə edə bilmir. Süni intellekt düzgün alqoritmlərlə qurularsa, hər bir şagirdin fərdi zəif tərəflərini erkən mərhələdə müəyyən edərək ona uyğun xüsusi izahlar, tapşırıqlar və resurslar təqdim edə bilər. Bu, həm müəllimin üzərindəki gündəlik yükü azaldacaq, həm də zəif nəticə gösterən uşaqların vaxtında dəstəklənməsinə şərait yaradacaqdır".

Müsahibimiz qeyd etdi ki, heç bir alqoritm, nə qədər mükəmməl olsa belə, müəllimin empatiyasını, uşağın psixologiyasını anlamasını və sinifdəki insani ab-havanı idarə etməsini əvəz edə bilməz. Onun fikrincə, təhsilin mərkəzində yenə də insan amili, yəni müəllim dayanmalıdır:

""OpenAI"ın özünün də qeyd etdiyi kimi, təhsil mühitində süni intellektdən istifadədə məsuliyyətli yanaşma, müəllim hazırlığı, şagird məlumatlarının qorunması və süni intellekt savadlılığı əsas prioritet olmalıdır. Süni intellektin gəlişi ilə plagiat, hazır cavaba meyil, düşünmə tənbəlliyi və texnologiyanın təqdim etdiyi yanlış, manipulyativ məlumatlara kor-koranə inanma riskləri də qaçılmazdır. Bu riskləri neytrallaşdırmaq üçün məktəblərdə qiymətləndirmə fəlsəfəsi də tamamilə yenilənməlidir. Müəllim hazırlığı ayrıca ələ alınmalıdır. Müəllimlər bu texnologiyanı sadəcə qəbul etməməli, onu dərsin metodoloji alətinə çevirməyi bacarmalıdırlar".

Mütəxəssisin sözlərinə görə, şagirdə süni intellektdən istifadə mədəniyyəti öyrədilməli, valideyn məlumatlandırılmalı, məktəblərdə bununla bağlı etik qaydalar müəyyənləşdirilməlidir.

"Bu gün məktəbin funksiyası uşağa sadəcə informasiya ötürmək deyil. İnformasiya artıq hər yerdə və bir klik uzaqlığındadır. Müasir məktəbin missiyası şagirdə informasiyanı seçməyi, yoxlamağı, analiz etməyi və onu faydalı düşüncəyə çevirməyi öyrətməkdir. Süni intellekt məhz bu ali məqsədə xidmət etdikdə Azərbaycan təhsilində keyfiyyətcə yeni və inqilabi bir dövr başlayacaqdır".

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən