Abituriyentlərin bilməli olduğu iki əsas məqam - Təhsil eksperti AÇIQLADI
Qəbul imtahanları ilə bağlı abituriyentləri ən çox narahat edən məsələlərdən biri 50 bal həddidir. Şagirdlərdə belə bir fikir formalaşıb ki, 50 baldan aşağı nəticə göstərən abituriyentlər avtomatik olaraq müsabiqədən kənarda qalacaqlar.
Bu nə dərəcədə düzdür? Ümumilikdə bu məsələ ilə bağlı abituriyentlərin bilməli olduğu əsas məqamlar hansılardır?
Mövzu ilə bağlı Redaktor.az-a danışan təhsil eksperti Cahid İmanlı bildirdi ki, əvvəllki illərdə qəbulla bağlı məhdudiyyətlər daha çox idi:
"Belə ki, hər fənn üzrə minimum bal məhdudiyyəti, eləcə də buraxılış imtahanında minimal bal həddi var idi. Zaman keçdikcə Dövlət İmtahan Mərkəzi bu məhdudiyyətləri aradan qaldırdı. Hazırda isə ali məktəblərə qəbul qaydalarında tətbiq edilən məhdudiyyətlərdən biri blok imtahanlarında minimal 50 bal həddidir. Bu məhduiyyət yalnız 1-ci qrupun alt qrupu olan Riyaziyyat-informatika (RK) qrupunda 100 bal təşkil edir. Məsələnin problemli, narazılıq yaradan tərəfi də bundan ibarətdir. Belə ki, ali məktəbə qəbul olmaq üçün qruplar üzrə cəmi 150 bal tələb olunduğu halda, blokdan 50 bal məhdudiyyəti mənasız görünür. Əgər bir abituriyent buraxılış imtahanından 150-dən çox, hətta 200+ yazıbsa, biz onun ali məktəbə daxil olmaq hüququnu niyə əlindən almalıyıq? Bu qadağaya görə hər il faktiki olaraq buraxılş balı 150-dən yuxarı olan onlarla abituriyent blokdan 50 + yazmadığına görə ixtisas seçiminə buraxılmırlar".

Ekspert hesab edir ki, Dövlət İmtahan Mərkəzi bu bal məhdudiyyətini də aradan qaldırmalıdır:
"DİM sadə qəbul sistemi formalaşdırmalıdır: heç bir məhdudiyyət olmadan toplanılan balla ali məktəbə qəbul olmaq. Hazırda abituriyentlərə bilməli olduğu əsas 2 məqam var. Birincisi, blokdan minimal 50 bal (RK altqrupu üzrə 100 bal) toplamaq, ikincisi buraxılış balı ilə blokda topladığı balların cəminin 150+ (Rİ altqrupunda 200 + bal) olması. Bu, ixtisas seçiminə buraxılmaq üçün ən minimal tələbdir, əks halda abituriyent ixtisas seçimi prosesinə sistem üzərindən belə daxil ola bilmir. 5-ci qrup ixtisaslarında isə qəbul yalnız buraxılış balına uyğun aparılır. Burada ən minimal hədd isə 40 baldır".
NURİYYƏ













