133 min müraciət: ali təhsil göstəricilərində yeni mənzərə - AÇIQLAMA

 19:51 04.06.2026     834

Aparılan hesablamalara görə ali təhsil müəssələində təhsil alan tələbələrin çoxluğu paytaxt Bakının payına düşür. Ən aşağı göstəricilər isə bölgələrdə qeydə alınır. Belə ki, ən az göstəricilər Ucar, Cəlilabad rayonlarına düşür.  

Bəs maraqlıdır, niyə bəzi bölgələrdə ali təhsilə marağı olanların və ali təhsil alanların sayı azdır?

Redaktor.az-a danışan elm və təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndinin sözlərinə görə, bölgələr və paytaxt arasında müqayisədən görünür ki, paytaxtdan ali təhsil müəssisələrinə müraciət edən abituriyentlərin və ümumilikdə vətəndaşların sayı daha çoxdur:

"Bölgələrdə isə xüsusilə Şimal, Qərb, Mərkəzi Aran, Dağlıq Şirvan və Naxçıvan istiqamətlərindən ali təhsil müəssisələrinə müraciətlər daha yüksəkdir. Bununla yanaşı, bəzi bölgələrdə, xüsusilə qız uşaqlarının təhsilə cəlb olunması ilə bağlı hələ də müəyyən problemlər mövcuddur. Bu amil ümumi statistik mənzərəyə də təsir göstərir. Problemlər əsasən erkən nikah halları və ya qız uşaqlarının təhsilinə qarşı laqeyd münasibətlə bağlıdır. Təəssüf ki, bəzi bölgələrdə köhnə stereotiplər və ənənəvi yanaşmalar hələ də öz təsirini saxlayır".

Müsahibimiz qeyd etdi ki, hazırda əsas məqsəd qızların təhsil almasını təşviq etməkdir:

"Eyni zamanda bütün vətəndaşların ali və digər təhsil pillələrində təhsil almalarına dəstək verməkdir. Ali təhsilə maraq məsələsi də məhz bu kimi yanaşmaların təsiri altında formalaşır. Son illərdə ali təhsil almaq istəyən vətəndaşların sayında artım müşahidə olunur. Məsələn, bu il ali təhsil müəssisələrinə qəbul üzrə 133 mindən çox müraciət qeydə alınıb. Onlardan təxminən 100 min nəfər I, II, III və IV ixtisas qrupları üzrə müsabiqədə iştirak edir. Bu il imtahan verənlərin böyük əksəriyyəti 2008-2009-cu il təvəllüdlü gənclərdir. Həmin illərdə ölkədə ümumilikdə 300 mindən çox uşaq dünyaya gəlib. Onların bir qismi əvvəlki illərdə ali məktəblərə qəbul olub, digər hissəsi isə bu il sənəd təqdim edir. Ümumilikdə, doğulanların sayı ilə ali təhsilə müraciət edənlərin sayı arasında müəyyən uyğunluq müşahidə olunur. Lakin müraciət edən hər kəsin ali məktəbə qəbul olması mümkün olmur. Mövcud plan yerləri ilə müqayisədə hər il təxminən 60-70 min nəfər müsabiqədən kənarda qalır. Bunun səbəbləri arasında kifayət qədər bal toplamamaq, müsabiqə şərtlərini ödəməmək və ya düzgün ixtisas seçimi aparmamaq kimi hallar yer alır. Buna baxmayaraq, 2015–2016-cı illərdən etibarən ali təhsil almağa marağın davamlı şəkildə artdığını müşahidə edirik. Bu tendensiya göstərir ki, yaxın illərdə Azərbaycan ali təhsilli əhalinin payına görə MDB məkanında daha yüksək mövqelərə yüksələ bilər. Hazırda bu göstərici üzrə ön sıralarda olmasaq da, mövcud artım tempi qorunarsa, gələcəkdə ilk üç-dörd ölkə sırasında yer almaq imkanımız var".

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən