"Ballar düşəcək, amma vəziyyət gərgin olacaq" - Təhsil ekspertindən PROQNOZ
Bildiyimiz kimi, iyunun 7-də ali məktəblərə qəbul üzrə 1-4-cü qruplar üçün blok imtahanı keçiriləcək.
Qeyd edək ki, ötən həftələrdə 2 və 3-cü qrupların blok imtahanları keçirilib və bu imtahanların asan olduğu bildirilib.
Maraqlıdır, 1-4-cü qruplarda vəziyyət necə olacaq?
Redaktor.az-a danışan təhsil eksperti Ramin Nurəliyev bildirdi ki, keçən il birinci qruplarda vəziyyət çox yaxşı idi:
"Çünki ondan əvvəlki ildə birinci qruplarda suallar asan olduğundan ballarda artım görünmüşdü. Bu səbəbdən keçən il ballar düşdü. Ümumiyyətlə, suallar asan olanda ballar qalxır, suallar çətin olanda ballar düşür. Yəni suallar keçən il əvvəlki ilə nisbətdə çətin idi. Bəzi ixtisaslarda 50 bala qədər eniş müşahidə edilib. Xüsusilə kompüter yönümlü ixtisasların bir qismində.
Bu il buraxılış imtahanı hamımızın bildiyi kimi çətin olub. Əgər birinci və dördüncü ixtisas qruplarında suallar çətin olarsa, burada vəziyyət bir az gərgin olacaq. Əslində, ballar düşəcək, amma vəziyyət gərgin olacaq. Çünki müsabiqə şərtlərini ödəyən abituriyentlərin sayı, eyni zamanda verilən plan yerlərinin sayı çox önəmlidir".
Həmsöhbətimiz təklif edir ki, suallar çox çətin olmasın:
"Suallar normal səviyyədə olsun. Müsabiqə şərtlərini ödəyən abituriyentlərin sayı çox olsun ki, qızğın mübarizə getsin. Ötən il dövlət tərəfindən 63 min plan yeri verilib. Ehtimal ki, bu il bu artacaq. 65 min plan yeri olanda ən az minimum 75 min abituriyent müsabiqəyə buraxılmalıdır ki, çox qəşəng mübarizə həyata keçirsin. Məsələn, 65 min plan yeri uğrunda 67 min, 68 min abituriyent mübarizə apardığı təqdirdə burada bir az vəziyyət fərqli olur. Ona görə də mən hesab edirəm ki, abituriyentlərin bu ilki suallarının çətin salınması qətiyyən arzuolunan deyil. Suallar orta, normal səviyyədə salınmalıdır.
Bəli, blok imtahanı asan olmamalıdır. Orta səviyyəli olması arzuolunandır. Hətta keçən ilkindən bəlkə də bir az daha asan olması daha da arzuolunan olar. Böyük ehtimal ki, artıq suallar hazırdır. İmtahandan sonra bunu daha rahat bir şəkildə analiz etmək qabiliyyətimiz olacaq, inşallah.
Baxaq görək, abituriyentlər imtahana girib çıxandan sonra fənn müəllimləri, abituriyentlər, valideynlər, ictimaiyyət, təhsil mütəxəssisləri nə deyəcək. Yəni bunun ümumi olaraq, yəqin ki, Dövlət İmtahan Mərkəzinin statistikasından sonra hər şey artıq ortada olacaq. Buraxılış imtahanı çətin olduğundan düşünmürəm ki, blok imtahanı çətin olar. Sualların normal səviyyədə olacağı qənaətindəyəm".
Aytəkin TOFİQQIZI













