"Məktəblərdə xoşagəlməz halların artması ehtimalı çoxdur" - Deputat çıxış yolundan DANIŞDI
Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi məktəblərdə təhlükəsizliyin artırılması məqsədilə yeni “7 pilləli məktəb təhlükəsizliyi qalxanı” modelinin hazırlandığını açıqlayıb.
Bəs bu modelin Azərbaycanda tətbiqi mümkündürmü?
Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov Redaktor.az-a açıqlamasında qeyd etdi ki, gün keçdikcə məktəblərdə xoşagəlməz halların artması ehtimalı çoxdur:
"Yəni getdikcə bu cür hallar tez-tez baş verəcək və bu, ciddi narahatlıq doğuran bir məsələdir. Biz bu məsələlərin üzərinə indidən düşməliyik. Yəni bir müddət bundan əvvəl Türkiyədə baş verən hadisələr, bizdə baş verən hadisələr bizdən daha diqqətli olmağı tələb edir və Türkiyənin də bu addımı atmasının müxtəlif səbəbləri var. Bu səbəblərdən biri də məktəblərdə bu kimi halların qarşısını almaqdır. Türkiyə bu prosesi bildiyi üçün bu addımları atır".
Millət vəkili bildirdi ki, Azərbaycan hüquq-mühafizə orqanları, Daxili İşlər Nazirliyi də bu istiqamətdə addımlar atır:
"Məktəblərdə nəzarət mexanizmləri gücləndirilir. Məktəblərlə Daxili İşlər Nazirliyi strukturları arasında kommunikasiya və koordinasiya daha da gücləndirilir və biz bu modeli təhlil edib, o səbəbdən ki, uyğun olduğu təqdirdə bizim məktəblərdə tətbiqini nəzərdən keçirə bilərik. Amma bu məsələ elə bir məsələdir ki, bunu mütləq Daxili İşlər Nazirliyi, mühafizə orqanları müəyyənləşdirməlidir və vəziyyətə uyğun olaraq plan və addımları onlar ata bilərlər. Yəni Türkiyə ilə Azərbaycan eyni deyil, amma hər halda təcrübə mübadiləsini nəzərə alaraq belə bir məsələni nəzərdən keçirmək olar".
Aytəkin TOFİQQIZI













