Ciddi şəkildə ikinci cəhd blok imtahanına hazırlaşın - Abituriyentlərə mühüm ÇAĞIRIŞ

 14:14 08.06.2026     1070

"Ötən gün 1 və 4-cü qruplar üçün keçirilən blok imtahanı ilə bağlı sosial platformalarda fərqli seqmentlərdə fikirlər formalaşır. Biz isə müəllimlərlə görüşdük, müəllimlərin fikir və düşüncələrini aldıq. Ümumi olaraq müəllimlər tərəfindən imtahanın orta-çətin formatda keçirildiyi qeyd olunur. Birinci ixtisas qruplarında informatika fənninin müəyyən qədər çətin olması, bununla yanaşı riyaziyyat fənninin daha çox məntiqi suallara istiqamətlənməsi və daha çox vaxt aparan sualların olduğu bildirilir. Burada sadəcə kimya fənninin müəyyən qədər digərlərinə nisbətdə asan olduğu haqqında məlumat var. Bir fənnin asan olması bəlkə də nəticələrə o qədər də çox təsir etməyəcək".

Bu fikirləri Redaktor.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev ötən gün keçirilən 1-4-cü qrupların blok imtahanının hansı səviyyədə keçdiyindən danışarkən bildirdi.

Onun sözlərinə görə, ikinci cəhdi nəzərə almasaq, hazırkı vəziyyət birinci ixtisas qruplarında balların müəyyən qədər düşəcəyinə və yaxud da ki, keçənilki səviyyədə olacağına dəlalət edir:

"Çünki suallar çətin olduğu təqdirdə bu, istər-istəməz balların azalmasına, düşməsinə gətirib çıxarır. Amma bununla yanaşı, əlbəttə ki, qarşıda ümumi olaraq statistika elan olunmalıdır. Biz statistikaya baxandan sonra daha real və dəqiq proqnozu verə biləcəyik. Eləcə də qarşıda hələ ikinci cəhdin blok imtahanı var. Bu blok imtahanının asan və yaxud orta-çətin, necə olacağı hələ ki müəyyən deyil. Ona görə də bu imtahana uyğun təəssüratlarım o yöndədir ki, sualların müəyyən qədər orta və çətin səviyyədə olması, əlbəttə ki, balların indiki vəziyyətə görə düşəcəyindən və yaxud keçənilki vəziyyətdə qalacağından xəbər verir. Daha çox düşəcəyi ehtimalı formalaşır".

Həmsöhbətimizin abituriyentlərə tövsiyəsi odur ki, blok imtahanlarında asanlaşmanı gözləməsinlər:

"Ola bilər, bəlkə də müəyyən qədər ikinci cəhd blok imtahanı birinci cəhd blok imtahanından asan ola bilər və yaxud da eyni səviyyədə ola bilər, çətin ola bilər. Amma tam belə asan olacaq düşüncəsi abituriyentlərdə formalaşmamalıdır. Çünki abituriyent ciddi bir şəkildə hazırlaşmalıdır. Qarşıda hələ ay yarım vaxt var. Məktəb də bitir. Abituriyent bütün işini-gücünü, enerjisini məhz ikinci cəhd blok imtahanına həsr edərək buna köklənməlidir. Müəyyən qədər aşağı bal toplayan abituriyentlər müəyyən qədər balını artırma istiqamətində təşəbbüs göstərə bilərlər. Bu reallıqdır, yəni abituriyent əgər ciddi bir şəkildə çalışarsa, balını artırmaq imkanı əldə edə bilər. Hə, çox artırmasa belə, az artıra bilər. Amma düzdür, vaxtları, ayları əgər diqqətə alarıqsa, bu, bir az abituriyentlərin də tənbəlləşməsinə və yorulmasına müəyyən qədər gətirib çıxardığı üçün təsir göstərəcək. Amma abituriyentlərə çağırışım budur: ciddi bir şəkildə ikinci cəhd blok imtahanına hazırlaşsınlar. Xüsusilə də aşağı bal toplayan abituriyentlərə çağırışım odur ki, ikinci cəhd blok imtahanından qeydiyyatdan keçsinlər. Qeydiyyatın son günləridir. Qeydiyyatdan keçiblərsə də, artıq ciddi bir şəkildə hazırlaşsınlar".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən