"İzahsız, təqdimatsız hər il qiymət artırırlar" - Əməkdar müəllimdən təhsil haqqının qaldırılmasına ETİRAZ

 16:49 08.06.2026     1449

Xəbər verdiyimiz kimi, Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsində ikinci təhsil almaq istəyənlər üçün təhsil haqqı 5500 manatdan 7600 manata qaldırılıb.

Qeyd edək ki, bu artım sosial şəbəkələrdə, eyni zamanda təhsil ictimaiyyətində müzakirələrə səbəb olub.

Mövzu ilə bağlı Redaktor.az-a danışan Əməkdar müəllim, təhsil eksperti Sona Əliyeva bildirdi ki, BDU-nun bu qərarını təhsilin əlçatanlığı və sosial missiyası baxımından uyğunsuz hesab edir:

"Doğrudur, hər zaman hüquq təhsili populyar olub və sadəcə bir universitetdə tədris olunması onu daha da dəyərli edib. Lakin təhsil haqqının birdən-birə bu qədər, yəni 38% yüksəlməsi normal olaraq narazılıq və müzakirə yaradıb. Əlbəttə, hüquq təhsili bahalı ola bilər. Müəllim heyəti, proqram, praktiki dərslər, beynəlxalq resurslar xərc tələb edir. Amma dövlət universitetində 38 faizlik birdəfəlik artım cəmiyyətə izahsız təqdim edilə bilməz. Üstəlik, minimum və orta aylıq əməkhaqqının, inflyasiyanın eyni sürətlə artmaması fonunda bu qərar nə dərəcədə doğrudur? Əgər universitet bu qədər ciddi artım edirsə, tələbə də bilməlidir ki, bu pulun qarşılığında nə dəyişir? Daha yaxşı tədris olacaqmı? Praktiki hüquq bacarıqları formalaşdırılacaq? Xarici professorlar, məhkəmə simulyasiyaları, hüquq klinikaları, əmək bazarı ilə real əlaqə qurulacaqmı? Yoxsa bu, sadəcə hüquq ixtisasına olan tələbatdan istifadə edib qiyməti qaldırmaqdır?"

Müsahibimiz vurğuladı ki, dünya təcrübəsində ikinci ali təhsil adətən ödənişlidir.

"Amma ciddi universitetlərdə qiymət siyasətinin mütləq məntiqli izahı olur. Artım çox zaman mərhələli aparılır. Tələbəyə kredit, güzəşt, hissəli ödəniş, təqaüd və sosial dəstək mexanizmləri təklif edilir. Biz isə izahsız, təqdimatsız hər il qiymət artımlarını müşahidə edirik. BDU özəl deyil, dövlət universitetidir. Onun üzərində yalnız maliyyə yükü yox, həm də sosial məsuliyyət var. Onun əsas funksiyalarından biri də dövlətin kadr potensialını təmin etmək və təhsili əlçatan etmək olmalıdır. Amma bu cür qiymət artımı bu ixtisası bir az elitarlaşdırır, yəni maddi imkanı olmayan, lakin inkişaf etmək istəyən şəxslər üçün bir növ əlçatmaz edir. Nəzərə alsaq ki, ikinci ali təhsil alan insanlar çox vaxt işləyən, ailə saxlayan, ixtisasını dəyişmək istəyən və ya peşəkar biliklərini genişləndirməyə çalışan şəxslərdir, onları birdən-birə 7600 manatlıq illik yüklə üz-üzə qoymaq bu baxımdan doğru yanaşma deyil. Hər bir halda, universitetin də izahatını yaxın zamanda görərik və cəmiyyət də bilər ki, 2100 manatlıq əlavə yük hansı real keyfiyyət dəyişikliyi ilə əsaslandırılır", - deyə Əməkdar müəllim yekunlaşdırdı.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən