Məktəblərdə “Instagram”, “Facebook”, “Snapchat” və “Telegram” da bloklansın - Deputatdan TƏKLİF

 20:28 08.06.2026     1195

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov açıqlamasında bildirib ki, hazırda məktəblərdə “TikTok”a çıxış bloklanıb.

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Vasif Qafarov Redaktor.az-a açıqlamasında bildirdi ki, Elm və Təhsil Nazirliyinin məktəblərdə “TikTok”a çıxışın bloklanması ilə bağlı qərarı müsbət qiymətləndirir:

"Bu addım ilk növbədə tədris prosesinin keyfiyyətinin artırılmasına, şagirdlərin diqqətinin dərsə yönəldilməsinə və məktəb mühitində sağlam mənəvi-psixoloji atmosferin qorunmasına xidmət edəcək.
Son illərdə sosial şəbəkələrin, xüsusilə də qısa və sürətli məzmun təqdim edən platformaların yeniyetmələrin davranışlarına təsiri daha qabarıq şəkildə hiss olunur. Bəzi hallarda məktəb daxilində çəkilən videoların paylaşılması, müəllim və şagirdlərin icazəsiz görüntülərinin yayılması, müxtəlif təhlükəli çağırışların təqlid edilməsi, eləcə də kibertəzyiq halları müşahidə olunur. “TikTok”a çıxışın məhdudlaşdırılması bu kimi halların müəyyən qədər qarşısının alınmasına kömək edəcək.

Qərarın digər mühüm tərəfi isə milli-mənəvi dəyərlərin qorunması ilə bağlıdır. Sosial şəbəkələrdə yayılan bəzi məzmunlar Azərbaycan cəmiyyətinin milli mentalitetinə, ailə institutuna və mənəvi dəyərlərinə uyğun gəlmir. Məktəb yaşlı uşaqların belə təsirlərdən qorunması, onların milli kimlik, vətənpərvərlik, ailə və cəmiyyət qarşısında məsuliyyət kimi dəyərlər əsasında formalaşması dövlətin və təhsil sisteminin əsas prioritetlərindən biridir. Bu baxımdan məktəblərdə “TikTok”a girişlə bağlı müəyyən məhdudiyyətlərin tətbiqini təbii və zəruri addım kimi görürəm".

Millət vəkilinin fikrincə, məsələ yalnız “TikTok”la məhdudlaşmamalıdır:

"Məktəb mühitində tədris prosesinə mane olan digər sosial şəbəkələrə və platformalara, məsələn, “Instagram”, “Facebook”, “Snapchat”, “Telegram”ın əyləncə yönümlü kanallarına və oxşar resurslara çıxışın da tənzimlənməsi məqsədəuyğun olardı. Məqsəd sosial şəbəkələri tam qadağan etmək deyil, onların dərs prosesinə və şagirdlərin tərbiyəsinə mənfi təsirinin minimuma endirilməsidir. Bununla yanaşı, texniki bloklama ilə yanaşı, rəqəmsal savadlılığın artırılması da vacibdir. Şagirdlərə sosial medianın riskləri, kibertəhlükəsizlik, informasiya manipulyasiyası, şəxsi məlumatların qorunması və internet etikası barədə mütəmadi məlumatlar da verilməlidir. Valideyn-məktəb əməkdaşlığının gücləndirilməsi, psixoloji dəstək mexanizmlərinin inkişaf etdirilməsi və şagirdlərin idman, elm, incəsənət və digər faydalı fəaliyyətlərə cəlb olunması daha davamlı nəticələr verə bilər.

Ümumilikdə, məktəblərdə “TikTok”un bloklanması həm tədris intizamının gücləndirilməsi, həm də milli-mənəvi dəyərlərin qorunması baxımından düzgün və vaxtında atılmış addım kimi dəyərləndirilə bilər. Bu istiqamətdə digər sosial şəbəkələrə münasibətdə də oxşar yanaşmanın tətbiqi məktəb mühitinin daha sağlam və təhlükəsiz olmasına töhfə verəcək".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən