“Müəllimlərin iş yükü azalacaq, nizam-intizam güclənəcək" - İlqar Orucovdan AÇIQLAMA

 20:45 09.06.2026     6810

"Məktəblərdə təhlükəli və yayındırıcı internet resurslarının məhdudlaşdırılması müəllimlərin iş fəaliyyətinə və tədris mühitinə əhəmiyyətli dərəcədə müsbət təsir göstərəcək. Ümumilikdə bu addımın müəllimlərin gələcək işinə gətirəcəyi əsas dəyişiklikləri aşağıdakı kimi görürəm. İlk növbədə bu, tədris mühitinin yaxşılaşması ilə özünü göstərəcək. Yəni şagirdlərin diqqətini dərsin gedişatından yayındıran əsas amillər aradan qalxır. Tutaq ki, "TikTok" trendləri və sair. Beləliklə, dərsə fokuslanma birmənalı olaraq artacaq. Eyni zamanda müəllimlər şagirdlərin dərs zamanı sosial şəbəkələrdə vaxt keçirməsinin qarşısını almaq üçün əlavə enerji və vaxt sərf etməyəcəklər".

Bunu Redaktor.az-a açıqlamasında Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, təhsil eksperti İlqar Orucov bildirdi.

"Digər tərəfdən, sosial mediaların məktəbdə çalışmaması nizam-intizamın güclənməsi deməkdir. İnternet mühitindəki nəzarət sinif daxilindəki ümumi intizama birbaşa müsbət təsir göstərir. Eyni zamanda bunu təhlükəsizlik və psixoloji rahatlıq baxımından da dəyərləndirmək olar. Məktəb daxilində zərərli mövzuların bloklanması şagirdlərin internet vasitəsilə bir-birinə zərər yetirmə ehtimalını aşağı salır. Bu, kiberbullinq risklərini də azaldır", - deyə o əlavə etdi.

Müsahibimiz qeyd etdi ki, belə hallarda müəllimin məsuliyyəti də yüngülləşir:

"Müəllimlər şagirdlərin məktəb şəbəkəsindən istifadə edərək zərərli məzmunlara məsələn, terrorizm, narkomaniya, pornoqrafiya və s. daxil olmayacağından əmin olurlar. Eyni zamanda rəqəmsal resurslardan sağlam istifadə hər zaman müzakirə olunan mövzulardan biridir. Çünki biz şagirdləri rəqəmsal resurslardan kənar tuta bilmərik. Əsas məsələ həmin resurslardan sağlam istifadəni təşviq etməkdir. Əyləncə və zərərli məzmunların bloklanması nəticəsində şagirdlər məktəb internetindən yalnız təhsil və araşdırma məqsədilə istifadə etməyə vərdiş edəcəklər. Bu da onların faydalı resurslara yönəlməsi deməkdir. Eyni zamanda müəllimlər dərslərdə internet əsaslı tədris alətlərini rəqəmsal dərsliklər, testlər və s. daha rahat və təhlükəsiz şəkildə tətbiq edə bilirlər. Ümumilikdə bununla müəllim-şagird ünsiyyəti daha da rəqəmsallaşır. Bu da müəllimlərin üzərindəki nəzarət yükünü azaldır və onların diqqətini tamamilə dərsin keyfiyyətinə və effektivliyinə yönəltməyə imkan verir".

Mütəxəssis hesab edir ki, rəqəmsal alətlərin düzgün istifadəsi ilə məktəbdə sağlam mühit formalaşdırmaq lazımdır:

"Belə olduqda həm məktəbin ruhu, həm təhsilin keyfiyyəti, həm yeniliklərdən istifadə, həm də məktəbin tərbiyə müəssisəsi kimi funksiyası daha yaxşı təmin olunur. Beləliklə, ümumilikdə məktəbin funksionallığı tam şəkildə formalaşmış olur".

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən