"Təkcə qadağa kifayət deyil" - "TikTok" qərarı ilə bağlı MARAQLI MÖVQE

 20:04 09.06.2026     506

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, nazirlik məktəblərdə bəzi məhdudiyyətlər qoymağa başlayıb. Onun sözlərinə görə, hazırda məktəblərdə "TikTok"a çıxış bloklanır. 

Mövzu ilə bağlı Redaktor.az-a danışan Zəngilan şəhəri 33 nömrəli məktəbin ingilis dili müəllimi, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova bildirdi ki, bu qərarı ümumilikdə müsbət və vaxtında atılmış bir addım hesab edir:

"Həm təhsil sahəsində çalışan bir mütəxəssis, həm də valideyn olaraq düşünürəm ki, məktəb ilk növbədə öyrənmə, düşünmə, ünsiyyət və şəxsiyyətin formalaşdığı bir mühit olmalıdır. Bu baxımdan dərs saatlarında və məktəb internet şəbəkəsində diqqəti yayındıran sosial platformalara girişin məhdudlaşdırılması müəyyən müsbət nəticələr verə bilər. Məsələyə emosional deyil, rasional yanaşmaq lazımdır. "TikTok" və digər sosial media platformaları özlüyündə pis deyil. Bu platformalarda faydalı təhsil məzmunları, maarifləndirici videolar və yaradıcılığı inkişaf etdirən materiallar da mövcuddur. Lakin etiraf etməliyik ki, məktəb yaşlı uşaqların böyük hissəsi bu platformalardan əsasən əyləncə məqsədilə istifadə edir. Qısa və sürətli videolara uzun müddət məruz qalmaq diqqətin davamlılığını azalda, oxuma vərdişlərinə mənfi təsir göstərə və uşaqlarda daim yeni stimul axtarma davranışı formalaşdıra bilər. Bu gün dünyanın bir çox ölkəsində oxşar müzakirələr aparılır. Fransa, Niderland, İtaliya, Böyük Britaniya, Avstraliya kimi ölkələrdə məktəblərdə telefon və sosial media istifadəsinin məhdudlaşdırılması ilə bağlı müxtəlif modellər tətbiq olunur. Məqsəd texnologiyanı həyatımızdan çıxarmaq deyil, ondan daha sağlam və məqsədyönlü istifadəni təmin etməkdir".

Müsahibimiz məsələni həm də valideyn olaraq analiz etdi:

"Valideyn olaraq məni narahat edən məsələlərdən biri də uşaqların sosial şəbəkələrdə yaşlarına uyğun olmayan məzmunlarla qarşılaşmasıdır. Bəzən aqressiv davranışlar, təhlükəli çağırışlar, qeyri-real həyat tərzinin təbliği və ya kibertəzyiq halları yeniyetmələrin psixologiyasına ciddi təsir göstərə bilir. Məktəbin internet şəbəkəsində müəyyən məhdudiyyətlərin tətbiqi bu risklərin bir hissəsini azaltmağa kömək edə bilər. Bununla belə, hesab edirəm ki, təkcə qadağa ilə istənilən nəticəyə nail olmaq mümkün deyil. Uşaq məktəbdə "TikTok"a daxil ola bilməsə də, evdə və ya mobil internet vasitəsilə həmin platformadan istifadə edə bilir. Ona görə də əsas diqqət rəqəmsal savadlılığın artırılmasına yönəlməlidir. Şagirdlərə sosial mediadan necə təhlükəsiz istifadə etmək, informasiyanın doğruluğunu necə yoxlamaq, şəxsi məlumatlarını necə qorumaq və internetdə etik davranış qaydaları öyrədilməlidir".

Günay Əkbərovanın fikrincə, digər vacib məqam valideynlərin roludur.

"Bəzən biz uşaqlardan ekran qarşısında az vaxt keçirmələrini tələb edirik, amma özümüz saatlarla telefon istifadə edirik. Uşaqlar daha çox deyilənləri yox, gördüklərini təkrarlayırlar. Buna görə rəqəmsal mədəniyyət ilk növbədə ailədə formalaşmalıdır. Mən hesab edirəm ki, növbəti mərhələdə məktəblərdə rəqəmsal təhlükəsizlik, media savadlılığı və sosial şəbəkələrdən düzgün istifadə mövzularında müntəzəm maarifləndirici tədbirlər keçirilməlidir. Məktəb psixoloqları, müəllimlər və valideynlər bu prosesə birgə cəlb olunmalıdırlar. Eyni zamanda uşaqlara alternativ fəaliyyətlər, kitab müzakirələri, idman, yaradıcılıq dərnəkləri, debat və layihə fəaliyyətləri təqdim edilməlidir. Çünki uşağın vaxtını sadəcə məhdudlaşdırmaq yox, onu faydalı fəaliyyətlərlə doldurmaq daha effektiv nəticə verir. Sonda düşünürəm ki, məktəblərdə "TikTok"a girişin məhdudlaşdırılması məqsəd deyil, vasitədir. Əsas məqsəd diqqətini daha yaxşı cəmləyə bilən, informasiya ilə sağlam münasibət quran, rəqəmsal mühitdə təhlükəsiz davranmağı bacaran və texnologiyanı öz inkişafı üçün istifadə edən gənc nəslin yetişdirilməsidir. Əgər bu qərar maarifləndirmə, ailə dəstəyi və düzgün təhsil siyasəti ilə müşayiət olunarsa, onun müsbət nəticələrini yaxın illərdə daha aydın görəcəyik", - deyə o yekunlaşdırdı.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən