Ən yüksək keçid balları bu ixtisaslarda gözlənilir - Abituriyentlərin DİQQƏTİNƏ
"5 iyul tarixində 2-ci və 3-cü ixtisas qrupları üzrə ikinci cəhd imtahanının, eyni zamanda 12 iyul tarixində 1-ci və 4-cü ixtisas qrupları üzrə ikinci cəhd imtahanının keçirilməsi planlaşdırılır. Bu ilki göstəricilərə nəzər saldıqda, xüsusilə 1-ci ixtisas qrupuna ərizə verənlərin sayının ötən illə müqayisədə kifayət qədər çox olduğu müşahidə olunur. Düşünürəm ki, bu amil 1-ci qrup üzrə keçid ballarının ötən illə müqayisədə yüksəlməsinə səbəb ola bilər. Lakin bu, təbii ki, plan yerlərinin sayından da asılıdır. Plan yerləri elan olunduqdan sonra keçid ballarında hansı səviyyədə dəyişikliklərin olacağını daha dəqiq söyləmək mümkün olacaq".
Bu fikirləri Redaktor.az-a açıqlamasında təhsil məsələləri üzrə ekspert Səbuhi Abdullayev səsləndirdi.
Onun sözlərinə görə, ənənəvi olaraq 3-cü və 4-cü ixtisas qrupları daha riskli qruplar hesab olunur:
.jpg)
"Xüsusilə plan yerlərinin nisbətən az olması və həmin yerlərə müraciət edən abituriyentlərin sayının çoxluğu bu qruplarda rəqabəti daha da artırır. Təbii ki, 3-cü qrup üzrə hüquq fakültəsi, 4-cü qrup üzrə isə müalicə işi, yəni tibb istiqaməti üzrə keçid ballarının kifayət qədər yüksək olacağı gözlənilir. Bu baxımdan hər iki qrup riskli hesab olunsa da, onların arasında ən riskli qrup kimi 4-cü qrupu qiymətləndirmək olar. Çünki 3-cü qrupda TQ alt qrupu üzrə regionşünaslıq və digər ixtisasları seçmək mümkündür və burada nisbətən aşağı ballarla da qəbul olmaq imkanı mövcuddur. Lakin 4-cü qrup həm qəbul baxımından daha çətin, həm də gələcək peşə fəaliyyəti baxımından daha məsuliyyətli sahələri əhatə edir. Ümumilikdə isə keçid ballarının hansı səviyyədə dəyişəcəyini plan yerləri elan olunduqdan sonra daha dəqiq qiymətləndirmək mümkün olacaq".
Xədicə BAXIŞLI













