Bullinq və təhlükə artır – Azərbaycanda məktəblər üçün SOS siqnalı verildi
"Azərbaycanda da Türkiyədəki kimi yeni təhlükəsizlik modeli hazırlana bilər və ölkənin mövcud təhsil strukturu, həmçinin rəqəmsallaşma kursu belə bir sistemin tətbiqini tamamilə real edir".
Bunu Redaktor.az-a açıqlamasında Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, təhsil eksperti İlqar Orucov bildirdi.
Onun fikrincə, hazırda Azərbaycanda yerli xüsusiyyətlərə uyğunlaşdırılmış yeni məktəb təhlükəsizliyi modelini tamamilə hazırlamaq və tətbiq etmək olar:
"Ölkəmizdə hazırda tətbiq olunan “Təhlükəsiz Məktəb” və “Məktəblinin Dostu” layihələri bu cür genişmiqyaslı strategiyalar üçün güclü baza rolunu oynayır.
Ölkənin yeddi pilləli məktəb təhlükəsizliyi qalxanı modeli rəqəmsal nəzarət, psixoloji dəstək və operativ koordinasiyanı birləşdirdiyi üçün Azərbaycanın təhsil müəssisələri üçün də effektiv nümunə ola bilər".
Həmsöhbətimiz hesab edir ki, ağıllı və rəqəmsal məktəb modeli düşüncəsi real görünür:
"Çünki kamera sistemləri şübhəli şəxsləri, mübahisələri, hər hansı konfliktləri və ya qadağan olunmuş əşyaları daşıyan şəxsləri, ümumilikdə məktəb mühitinə yad elementləri daha tez aşkarlamaq üçün süni intellekt proqramlarının tətbiqi faydalı ola bilər. Buna süni intellektli videoanalitika deyilir və əslində bu, müasir dünyada təhlükəsizlik məqsədilə çox ciddi şəkildə istifadə olunur.
Eyni zamanda məktəb binalarına kənar şəxslərin daxil olmasının qarşısını almaq üçün üztanıma və ya rəqəmsal kart sistemlərinin tətbiqi mümkün ola bilər. Bu biometrik giriş-çıxış vasitələri kənar şəxslərin məktəbə daxil olmasının birbaşa qarşısını ala bilər.
Şagirdlərin bullinq, kiber cinayətkarlıq və ya təhdidlərlə qarşılaşdıqda qorxmadan və ya anonim şəkildə rəhbərliyə xəbər verə biləcəyi mobil tətbiqlərin, anonim rəqəmsal bildiriş platformalarının tətbiqi faydalı ola bilər".

İ.Orucov qeyd etdi ki, “Məktəblinin Dostu” layihəsinin genişləndirilməsi də vacibdir.
"Burada artıq insan resursu modeli formatında bu kimi xoşagəlməz hallara qarşı mübarizə vasitəsi özünü göstərə bilər. Hazırda Bakı və bir neçə regionda uğurla fəaliyyət göstərən “Məktəblinin Dostu” layihəsinin bütün ölkə miqyasında yayılması, eyni zamanda bu əməkdaşların təhlükəsizlik strukturları, Daxili İşlər Nazirliyi və digər qurumlarla, eləcə də psixoloji xidmət orqanları ilə birbaşa və sürətli inteqrasiyasının təmin edilməsi vacibdir.
Açığını deyim ki, bunlarla bərabər ailə tərbiyəsini, milli və bəşəri dəyərlər ruhunda cəmiyyətin maariflənməsini çox önəmli sayıram. Aqressiv cəmiyyətlərdə, mədəni olmayan mühitlərdə cinayətlər çox olur və çox olacaq. Özümüzə sual verməliyik: necə ola bilər ki, 30–40 il bundan əvvəl məktəblərdə bu cür cinayətlər və xoşagəlməz hallar yox idi? 20 il bundan əvvəl ilə 10 il bundan əvvəl arasındakı belə halların sayı nə qədər artıb? Bəs 10 il əvvəlki dövrlə indiki dövrü müqayisə etsək, bu artımın səbəbi nədir? Hesab edirəm ki, bu çox önəmlidir və burada əslində SOS siqnalı verilməlidir. Bu məsələ təhlil olunmalıdır. Səbəb nədir? Biz hər tərəfi kameralarla dolduraq, hər yerdə bir “Məktəblinin Dostu” qoyaq — bu çıxış yoludurmu? Bu, müvəqqəti çıxış yoludur. Mən bunu da tam çıxış yolu saymıram.
Təbii ki, mən başa düşürəm, təhlükəsizlik məsələləri önəmlidir. Bullinq problemi də var və ölkəmizdə çox ciddi şəkildə yayılıb. İndi bəzən bəzi gənc məmurlar deyirlər ki, bu, əvvəl də olub. Axı əvvəl bu qədər olmayıb. Cəmiyyətlərdə bu qədər aqressiya yox idi. Ailələrdə də bu qədər aqressiya yox idi. Mən burada məktəbi günahkar çıxarmıram. Təbii ki, bəlkə də burada ən az günahı olan elə məktəbdir. İnteqrasiya olunmuş böhran idarəetmə modeli formatında, yəni qurumlararası əməkdaşlığın məhz təhlükəsizlik naminə gücləndirilməsi vacibdir. Türkiyənin təklif etdiyi modelin ən güclü tərəfi davranış əsaslı erkən xəbərdarlıq və risk təhlili mərkəzidir.
Azərbaycan məktəblərində də hadisə baş verdikdən sonra reaksiya vermək əvəzinə, potensial təhlükələri öncədən proqnozlaşdıran preventiv, qabaqlayıcı yanaşmaya üstünlük verilməsi ən doğru addım olardı", - deyə o yekunlaşdırdı.
Aytəkin TOFİQQIZI













