"Şagird nə edirsə etsin, müəllim təmkinini qorumalıdır" - Qoşqar Məhərrəmov

 12:55 10.06.2026     1908

Son günlər sosial şəbəkələrdə müəllimlərin məktəblərdə uşaqlara qarşı olan zorakı davranışları müzakirə olunur.

Xatırladaq ki, ölkəmizdə qüvvəyə minən yeni qanuna əsasən uşaqlara qarşı zorakılıq edənlər 200 manat cərimələnməlidirlər.

Bəs belə müəllimlər üçün 200 manat cərimə kifayətdirmi? 

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında təhsil eksperti Qoşqar Məhərrəmov bildirdi ki, hər mühitdə qarşılıqlı hörmət vacibdir:

"İnsanlar bir-birini sevməyə məcbur deyillər, amma bir-birinə hörmət etməlidirlər. Müəllim şagirdin şəxsiyyətinə və insanlığına hörmət etməlidir. Eyni zamanda şagird də müəlliminə hörmət etməlidir. Bu qaydalar pozulduqda isə müvafiq tədbirlər görülməlidir. Belə hallarda müəllim şagirdi özü cəzalandırmaq əvəzinə məktəb rəhbərliyinə müraciət etməlidir. Əgər şagird nalayiq davranışlar nümayiş etdirirsə, bu barədə rəhbərliyə məlumat verilməli və məsələyə qanun çərçivəsində baxılmalıdır. Təəssüf ki, bəzi hallarda müəllimlər özlərini müdafiəsiz hiss etdikləri üçün bu yolu seçmirlər. Məncə, problemin əsas səbəblərindən biri də odur ki, bəzi hallarda məktəb müəllimlə şagirdi üz-üzə qoyur. Müəllim hesab edir ki, onun hüquqları kifayət qədər qorunmur və şikayətlərinə lazımi reaksiya verilmir. Nəticədə müəllim emosiyalarına hakim ola bilməyərək yanlış addım atır. Halbuki bu, çıxış yolu deyil. Məktəblərdə uzun illərdir iki fərqli yanaşma arasında qalmışıq. Sovet dövründə müəllimin sözü son söz hesab olunurdu, şagird və valideyn isə etiraz etmək imkanına malik deyildi. İndi isə bəzi hallarda bunun əksi müşahidə olunur və müəllim özünü müdafiəsiz hiss edir. Halbuki düzgün yanaşma balansın qorunmasıdır. Həm müəllimin, həm də şagirdin hüquqları eyni dərəcədə müdafiə olunmalıdır".

O vurğuladı ki, belə hadisələrdə müəllim səhv edirsə, buna görə məsuliyyət daşımalıdır:

"Dünya təcrübəsi də göstərir ki, müəllim şagirdə qarşı fiziki və ya alçaldıcı davranış nümayiş etdirməməlidir. Bununla belə, hadisənin bütün təfərrüatları araşdırılmalı, şagirdin davranışları da qiymətləndirilməlidir. Əgər şagird də qaydaları pozubsa, onunla bağlı da müvafiq tədbirlər görülməlidir. Mən hazırda Amerikada çalışıram və burada tətbiq olunan yanaşma ondan ibarətdir ki, şagird nə edirsə etsin, müəllim öz təmkinini qorumalıdır. Şagird davranış qaydalarını pozarsa, bunun üçün ayrıca intizam mexanizmləri mövcuddur. Ancaq müəllim yetkin insan olduğu üçün ondan daha müdrik və təmkinli davranış gözlənilir. Buna görə də əsas məsuliyyət müəllimin üzərinə düşür. Müəllimin şagirdinin saçına saqqız yapışdırdığı xəbərini də müşahidə etdik, bu, heç bir halda qəbul edilə bilməz. Bu, ani emosional reaksiya və ya özünümüdafiə deyil, düşünülmüş və yolverilməz davranışdır. Üstəlik, saqqız yapışdırıldıqdan sonra saçın qırxılması kimi nəticələr yaranıbsa, bu, müəllim üçün çox ciddi nöqsan hesab olunmalıdır. Belə hallarda müəllim barəsində qanunvericiliyə uyğun tədbirlər görülməli və məsuliyyət müəyyən edilməlidir".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən