“Şagirdlərə informasiya təhlükəsizliyi və media savadlılığı öyrədilməlidir” - Deputatdan ÇAĞIRIŞ

 22:42 11.06.2026     790

Məktəblərdə media savadlılığının tədris olunması daim gündəmdə olan mövzulardandır. Həm media savadlılığı, həm də sosial media savadlılığı şagirdlər üçün zəruri olan tədris istiqamətlərindən biridir. Ancaq hələ də fənn kimi məktəblərdə tədris olunmur.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında deputat Fariz İsmayılzadə bildirdi ki, bu mövzu onun da ürəyinə çox yaxın olan məsələlərdən biridir:

"Mən hər çıxışımda bunu xüsusi olaraq vurğulayıram və hesab edirəm ki, bu, son dərəcə vacib məsələdir. Çünki hər bir gənc, hər bir şagird və tələbə media savadlılığına malik olmalı, saxta məlumatları etibarlı məlumatlardan ayırmağı bacarmalıdır. Bu gün informasiya məkanında feyk xəbərlər və dezinformasiya sürətlə yayılır. Eyni zamanda ölkəmizin informasiya məkanına qarşı mütəmadi olaraq müxtəlif informasiya hücumları həyata keçirilir. Müasir dövrdə media savadlılığının əhəmiyyəti məhz bu baxımdan daha da artır. Bəzən şayiələrin yayılmasının əsas səbəblərindən biri də insanların məlumatın mənbəyini yoxlamaması, onun doğru və ya saxta olduğunu müəyyən edə bilməməsidir. Gənclərimiz bəzi hallarda feyk məlumatları və etibarsız mənbələri ayırd edə bilmir, nəticədə həmin məlumatları paylaşır və onların yayılmasına səbəb olurlar. Ona görə də media savadlılığının artırılması çox vacibdir. Bu, həm dezinformasiyaya qarşı mübarizə baxımından, həm də cəmiyyətin düzgün məlumatlandırılması baxımından xüsusi əhəmiyyət daşıyır".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən