Məktəblərdə yeni fənn təklifi: “Sosial həyat və mənəviyyat” - AÇIQLAMA
Bildiyimiz kimi, ölkəmizdə uşaqların bəzi sosial şəbəkə platformalardan istifadəsinin məhdudlaşdırılması ilə bağlı müzakirələr aparılır. Hətta bəzi məktəblərdə müəyyən sosial şəbəkələrə giriş də qadağan edilib.
Lakin bu məhdudiyyətlərlə yanaşı, uşaqların rəqəmsal təhlükəsizlik və sosial mediadan düzgün istifadə qaydaları barədə hələ də maarifləndirici tədbirlər görülmür.
Bəs informatika fənnindən əlavə, məktəblərdə uşaqlara sosial media savadlılığı, rəqəmsal təhlükəsizlik, internet etikası və sosial şəbəkələrdən düzgün istifadə qaydalarını öyrədən ayrıca dərslərin keçirilməsinə ehtiyac varmı?
Təhsil eksperti Ramin Nurəliyev Redaktor.az-a açıqlamasında bildirdi ki, uşaqların sosial platformalardan istifadəsinin məhdudlaşdırılması tamamilə doğru bir yanaşmadır.
"Beynəlxalq təcrübəyə nəzər saldıqda görürük ki, Avropa ölkələrinin bir çoxunda azyaşlıların, xüsusilə məktəb yaşlı uşaqların sosial platformalardan istifadəsinə müəyyən məhdudiyyətlər tətbiq edilir. Maraqlıdır ki, sosial platformaların formalaşmasında mühüm rol oynamış ölkələr belə artıq bu sahədə müəyyən məhdudiyyətlərə ehtiyac duyurlar. Çünki onlar görürlər ki, gənclər, xüsusilə məktəb yaşında olan uşaqlar sosial platformalardan istifadə zamanı müsbət təsirlərdən daha çox mənfi təsirlərlə üzləşirlər".
Ekspertin fikrincə, Azərbaycanda da bu istiqamətdə müəyyən məhdudiyyətlərin tətbiq olunması artıq vacibdir:
"Həqiqətən də, şagird əlində telefonla sosial mediadan istifadə etdiyi zaman müxtəlif mənfi video materiallarla və ya onu yanlış istiqamətlərə yönləndirə biləcək məzmunlarla qarşılaşa bilir. Bu isə azyaşlılar üçün ciddi təhlükə yaradır. Bununla yanaşı, telefonlardan istifadə edən şagirdlər məktəbdə baş verən müxtəlif hadisələri lentə alaraq dostları ilə paylaşır, daha sonra isə həmin görüntüləri sosial platformalarda yayırlar. Bu da digər gənclər arasında mənfi bir mühit formalaşdıra bilir. Bəzən uşaqlar sosial şəbəkələrdə diqqət çəkmək və daha çox izləyici toplamaq məqsədilə yoldaşlarına qarşı fiziki zorakılıq nümayiş etdirir və ya alçaldıcı ifadələr işlədərək həmin görüntüləri paylaşırlar. Bu kimi hallar həm məktəblilərin psixologiyasına, həm də onların gələcək inkişafına mənfi təsir göstərir. Digər şagirdlər də bu davranışlardan təsirlənərək oxşar addımlar atmağa meylli olurlar".

Onun sözlərinə görə, azyaşlıların sosial platformalardan istifadəsinə ilk növbədə valideynlər nəzarət etməlidirlər:
"Valideynlər bu sahədə müəyyən məhdudiyyətlər tətbiq etməli və uşaqların internet fəaliyyətini izləməlidirlər. Bundan əlavə, məktəblər və dövlət tərəfindən də müvafiq tədbirlərin görülməsi məqsədəuyğun olardı. Bu məsələnin gündəmdə saxlanılması vacibdir. Çünki bu gün gənclərin sosial platformalarda fəaliyyəti tənzimlənməsi aktual məsələlərdən biridir. Mən bu yanaşmanı birmənalı şəkildə düzgün hesab edirəm.
İnformatika fənnindən əlavə, məktəblərdə uşaqlara sosial media savadlılığı, rəqəmsal təhlükəsizlik, internet etikası və sosial şəbəkələrdən düzgün istifadə qaydalarını öyrədən ayrıca dərslərin keçirilməsinə ehtiyac var. Düşünürəm ki, bu cür təşəbbüslər faydalı ola bilər. Lakin mən bunu daha geniş çərçivədə qiymətləndirirəm".
Həmsöhbətimiz “Sosial həyat və mənəviyyat” adlı bir fənnin tədris olunmasını təklif etdi:
"Belə bir fənn çərçivəsində şagirdlər sosial həyata düzgün yanaşma, yaşlılara hörmət, cəmiyyətə inteqrasiya, ictimai münasibətlər və cəmiyyətin inkişafı üçün vacib olan dəyərlər barədə məlumat əldə edə bilərlər. Bu istiqamətdə maarifləndirici tədbirlərin və ya xüsusi dərslərin keçirilməsi olduqca faydalı olar. Eyni zamanda sosial şəbəkələrdən düzgün istifadə qaydaları da bu proqramın tərkib hissəsi kimi tədris edilə bilər. Şagirdlər üçün hansı davranış modellərinin daha effektiv olduğunu izah etmək məqsədilə seminarlar, təlimlər və maarifləndirici görüşlər təşkil oluna bilər. Məncə, yalnız rəqəmsal təhlükəsizlik və media savadlılığı ilə bağlı ayrıca dərslərin keçirilməsi müəyyən mənada natamam yanaşma olar. Çünki uşaq yalnız internet mühitində deyil, sosial həyatda da düzgün davranış qaydalarını bilməlidir. O, yol hərəkəti qaydaları barədə məlumatlı olmalı, valideyn və müəllimlərlə düzgün münasibət qurmağı bacarmalıdır. Bütün bunlar kompleks şəkildə öyrədilməlidir.
Bu baxımdan hesab edirəm ki, həm sosial şəbəkələrdən düzgün istifadə qaydalarını, həm də sosial həyata yanaşma prinsiplərini özündə birləşdirən dərslərin keçirilməsi tamamilə doğru və yerində bir addım ola bilər".
Mövzu ilə bağlı Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası İdarə Heyətinin sədri Elvin Abbasov isə bildirdi ki, qadağa qoyulması məsələsi rəqəmsal ekosistemin sağlam və təhlükəsiz formalaşması üçün olduqca vaxtında atılmış analitik bir addımdır:
"Çünki təkcə mexaniki qadağalar və ya məktəblərdə internetə girişi məhdudlaşdırmaq uşaqları virtual dünyanın real təhdidlərindən tam qorumur. Hazırda tədris olunan informatika fənni daha çox texniki bilikləri, alqoritmləri və proqram təminatının əsaslarını əhatə etdiyi üçün, uşaqların gündəlik rəqəmsal davranışlarını və kiber gigiyena qaydalarını tənzimləməkdə yetərsiz qalır".
.jpg)
Mütəxəssis əlavə etdi ki, məktəblərdə sosial media savadlılığı, internet etikası və fərdi məlumatların qorunması prinsiplərini aşılayan xüsusi dərslərin və ya çevik təhsil modullarının ayrıca tədris edilməsinə kəskin ehtiyac var:
"Bu tədris modeli statik dərslik qaydaları kimi deyil, uşaqların yaş qruplarına və psixologiyasına uyğun olaraq tamamilə rasional və interaktiv metodlarla qurulmalıdır. Erkən yaşlarda diqqət yalnız rəqəmsal gigiyenaya və yad insanlarla onlayn ünsiyyətdən yayınma yollarına yönəldilməli, yeniyetməlik dövründə isə dərslərin məzmunu sosial mühəndislik fırıldaqları, fişinq hücumlarından müdafiə və fakt yoxlama vərdişləri üzərində cəmləşməlidir. Ən mühüm metodoloji keçid isə uşaqları internetdə passiv məzmun istehlakçısı olmaqdan çıxarıb, onların texnoloji bacarıqlarını proqramlaşdırma, robototexnika və süni intellekt alətlərindən təhsil məqsədli istifadəyə, yəni rəqəmsal yaradıcılığa yönəltmək və bu prosesi valideynlər üçün keçirilən rəqəmsal valideynlik seminarları ilə sinxronlaşdırmaq olmalıdır".
Xədicə BAXIŞLI
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması" mövzusunda dərc olunub.














