Məktəblərdə həftəlik psixoloji inkişaf məşğələləri keçirilməlidir - Psixoloqdan TƏKLİF

 14:55 12.06.2026     458

Xəbər verdiyimiz kimi, 2025-ci ildə psixoaktiv maddələrin qəbulu ilə bağlı pozuntular istisna olmaqla, psixi və davranış pozuntuları diaqnozu ilk dəfə qoyulmuş 6 063 nəfər qeydiyyata alınıb. Yaş qrupları üzrə ilk dəfə diaqnoz qoyulan şəxslərin 2 466-sı 0–17 yaş, 1 591-i 18–29 yaş, 698-i 30–39 yaş, 1 308-i isə 40 və yuxarı yaş qrupuna aiddir.

Məlum olduğu kimi, 0–17 yaş dövrü əsasən məktəb yaşını əhatə edir.

Bəs məktəblərdə və universitetlərdə psixi sağlamlığın qorunması üçün hansı addımlar atılmalıdır?

Klinik psixoloq Gülşən Rüstəmova Redaktor.az-a bildirib ki, məktəblərdə ayrı-ayrı yaş qrupları üzrə ixtisaslaşmış mütəxəssislərin fəaliyyət göstərməsi vacibdir:

“Psixoloqlar yaş qrupları üzrə bölünərək daha incə və peşəkar şəkildə fəaliyyət göstərməlidirlər. Söhbət təkcə "uşaq psixoloqu"ndan getmir, ümumilikdə fərqli yaş mərhələlərinə uyğun ixtisaslaşmadan gedir. Çünki mövcud vəziyyət bunu tələb edir. Ən önəmli məqamlardan biri odur ki, cəmiyyət artıq psixologiyanın insan həyatı üçün əhəmiyyətini qəbul etməyə başlayıb. Stresin insan sağlamlığına təsiri daha ciddi şəkildə dərk olunur. Bu da müsbət göstəricidir.

Bu gün insanlar artıq mütəxəssislərə daha çox müraciət edirlər. Statistik rəqəmlərin artması yalnız problemlərin çoxalması demək deyil, eyni zamanda insanların bu sahəyə daha çox önəm verməsi ilə bağlıdır. Bu isə çox önəmli inkişafdır”.

Psixoloqun fikrincə, insanın sosial varlıq kimi formalaşması üçün məktəblərdə xüsusi proqramların tətbiqi vacibdir:

“Şagirdlərin sosiallaşması, özünü tanıması, temperamentini və resurslarını dərk etməsi üçün məktəblərdə ayrıca dərs saatları ayrılmalıdır. Bu məşğələlər həftədə bir və ya iki dəfə keçirilə bilər və mütləq ixtisaslaşmış psixoloqlar tərəfindən aparılmalıdır. Sinif rəhbəri və ya əlavə müəllim deyil, bu sahənin peşəkarı olmalıdır.

Qrup şəklində aparılan məşğələlər uşaqların emosional və sosial inkişafında mühüm rol oynayır. Eyni yanaşmanı ali təhsil müəssisələrində də tətbiq etmək olar. Bu məsələyə kifayət qədər vaxt ayrılmalı, müxtəlif psixoloji və terapiya metodlarından, o cümlədən art-terapiyadan istifadə olunmalıdır", - deyə o fikrini yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən