"Nə qədər çox qadağa qoysaq..." – Əməkdar müəllimdən düşündürən AÇIQLAMA

 18:16 12.06.2026     968

"Uşaqların sosial şəbəkələrdən istifadəsinin məhdudlaşdırılması gec də olsa, atılmış ən vacib addımdır. Lakin bu məsələ yalnız qadağa ilə həll olunacaq qədər sadə deyil. Uşağı platformadan uzaqlaşdırmaq mümkündür, amma onu rəqəmsal risklərdən qorumaq üçün savad vermək lazımdır".

Bu fikirləri Redaktor.az-a açıqlamasında Əməkdar müəllim Sona Əliyeva səsləndirdi.

Onun sözlərinə görə, bu gün məktəblərdə informatika fənni tədris olunur, lakin bu fənn daha çox texniki bilik verir:

"Məsələn, proqramlar, alqoritmlər və texnologiya ilə işləmək bacarığı öyrədilir. Sosial media savadlılığı isə informatika fənninin tədrisindən çox-çox fərqlidir. Bu, uşağın rəqəmsal mühitdə necə davrandığını, nəyi paylaşdığını, kimə inandığını, hansı manipulyasiyaya məruz qaldığını və özünü necə qoruduğunu əhatə edir. Ona görə də məktəblərdə rəqəmsal təhlükəsizlik, sosial media savadlılığı, internet etikası və kiberbullinqdən müdafiə ilə bağlı ayrıca proqramlara ciddi ehtiyac var. Bu, heç də mütləq ağır dərs yükü kimi təqdim olunmamalıdır. Müxtəlif fənlərin tədrisi zamanı yaş qruplarına uyğun, praktik, interaktiv və davamlı modullar tətbiq etmək olar".

Müsahibimiz əlavə etdi ki, uşaqlara sosial mediaya daxil olmağı qadağan etmək və ya sosial şəbəkəyə girməməsini tapşırmaq yetərli deyil:

"Onlara niyə ehtiyatlı olmalarının gərəkdiyini, şəxsi məlumatını niyə paylaşmamalı olduğunu, saxta xəbəri necə ayırd edə biləcəyini, kiberbullinq zamanı nə edəcəyini izah etmək, rəqəmsal izin nə olduğu və onların gələcəyinə necə təsir göstərə biləcəyi kimi sualların cavabını verən həyati bacarıqlar öyrədilməlidir. Qadağaları tətbiq etmək özü də yanlışlıqdır. Bütün qadağalar maraq yaradır. Həmçinin interneti yalnız təhlükə kimi təqdim etmək də doğru yanaşma deyil. İnternet həm də bilik, ünsiyyət, inkişaf və yaradıcılıq məkanıdır. Biz uşağı rəqəmsal dünyadan tam təcrid edə bilmərik. Çünki rəqəmsal dünya bizim virtualda paralel həyatımızdır. Odur ki, doğru olan uşaqları bu dünyaya hazırlıqsız buraxmamaqdır. Bu prosesdə məktəb tək qalmamalıdır. Dövlət qayda-qanun tərtib etməli, məktəb geniş maarifləndirmə işi aparmalı, valideyn isə nəzarəti yalnız qadağa kimi yox, məsuliyyətli müşayiət kimi başa düşməlidir. Nə qədər çox qadağa qoysaq, uşaq məktəbdə bloklanan platformaya başqa yerdə, daha nəzarətsiz mühitdə daxil olacaq. Bu gün rəqəmsal savadlılıq uşağın təhlükəsizliyi, psixoloji sağlamlığı və gələcək sosial davranışı üçün zəruri həyat bacarığıdır. Məktəb uşağa artıq rəqəmsal dünyada özünü qorumağı da öyrətməlidir", - deyə Sona Əliyeva sözlərini tamamladı.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən