Bu müəllimlərin məktəbdə işləməsi düzgün deyil - SƏRT AÇIQLAMA
Sabahdan etibarən müəllimlərin sertifikatlaşdırma imtahanları başlayır. Rəsmi məlumata görə, bununla da ümumi sertifikatlaşdırmaya cəlb edilən müəllimlırin sayı 100 mini ötəcək.
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında təhsil eksperti Elçin Murad bildirdi ki, müəllimlər onsuz da orta məktəbdə işləyirlər, müəyyən təcrübəyə və praktikaya sahibdirlər:

Onun fikrincə, yaxşı olardı ki, onların bilik səviyyəsi yoxlanılarkən 11 illik təhsil proqramına uyğun şəkildə qiymətləndirilsin.
"Buna bilik səviyyəsi deməyək, çünki bir müəllim orta məktəbdə işləyirsə, orta məktəbdə tədris aparırsa, deməli, onun bilik səviyyəsi yerindədir. Təbii ki, bunu bütün müəllimlərə şamil etmirəm. Elə müəllimlər var ki, hansısa bir şəraitdə məktəbə daxil olub işləyirlər və onların bilik səviyyəsini yoxlamaq lazımdır. Əgər həmin müəllimdə hər hansı bir axsaqlıq varsa, onun məktəbdə qalması və işləməsi düzgün deyil. Amma əksər müəllimlər öz bilik və bacarıqları hesabına məktəbdə qalıb işləyən müəllimlərdir. Onların bilik səviyyəsinin 11 illik təhsil proqramı çərçivəsində yoxlanılması daha məqsədəuyğun olar. Çünki müəllimlər şagirdlərə universitet səviyyəsində dərs keçmirlər. Onlar Dövlət İmtahan Mərkəzinin buraxılış və qəbul proqramları, yəni 11 illik təhsil proqramı səviyyəsində dərs keçirlər. Ona görə də sualların çətinlik dərəcəsi bu səviyyədə olsa, düşünürəm ki, kifayət edər. Müəllimi şagirdlərə daha çox sevdirən amilləri üzə çıxarmaq lazımdır. Yəni düşünürəm ki, onların bilik səviyyəsi yerindədir. Bu baxımdan bilik səviyyəsinin yoxlanılması o qədər də önəmli məsələ deyil", - deyə ekspert yekunlaşdırdı.
NURİYYƏ













