"Emin Əmrullayevin fikrində həqiqət payı var" - Nazirin açıqlamasına REAKSİYA
Elm və Təhsil naziri Emin Əmrullayev açıqlamasında bildirib ki, təxminən 3 il sonra dərsliklər öz əhəmiyyətini tamamilə itirəcək.
“Süni intellekt artıq materialları müəllifdən daha yaxşı təqdim edir. Hətta düşünürəm ki, bəzi məsələləri Dilçilik İnstitutunun tədqiqatlarından daha yaxşı formada təqdim edir. Amma bu o demək deyil ki, gələcəkdə dilçi alimlərə ehtiyac qalmayacaq”, – nazir bildirib.
Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, təhsil eksperti İlqar Orucov Redaktor.az-a bildirdi ki, nazirin bu bəyanatı dilçi alimlərə qarşı fərdi ittiham kimi qəbul edilməməlidir:
"Düşünürəm ki, qlobal rəqəmsal transformasiyanın gətirdiyi qaçılmaz texnoloji reallıqdır. Süni intellektin material təqdimatında daha uğurlu olması fikrində böyük həqiqət payı var. Lakin bu, dilçilik elminin yox olması demək deyil. Əksinə, onun tamamilə yeni müstəviyə keçməsi ilə bağlı bir çağırışdır və bu istiqamətdə düşünmək üçün bir fürsətdir. Nazirin fikrində həqiqət payı var. Dərsliyin mətni statikdir və hər bir şagird üçün eynidir. Böyük dil modelləri isə eyni qaydanı yeddi yaşlı uşağa nağıl formatında, 15 yaşlı yeniyetməyə isə proqramlaşdırma analogiyası ilə saniyələr içində fərqli üslublarda izah edə bilir. Ümumilikdə burada məlumatın strukturlaşdırılması da özünü göstərir. Süni intellekt qrammatika qaydalarını, sintaktik təhlilləri və ya dil faktlarını daha vizual, interaktiv və səhvsiz şəkildə xülasə edə bilər. Təbii ki, hesab edirəm ki, süni intellekt özü də inkişaf edəcək və biz getdikcə onun daha mükəmməl versiyalarını görəcəyik".
Müsahibimiz bildirdi ki, klassik dərsliklərin çap prosesi və yenilənməsi illər aparır, süni intellekt isə məlumat bazasını hər an təzələyir:
"Mən bunu dilçi alimlərə ehtiyac olmaması kimi qəbul etmirəm. Nazir özü də vurğulayır ki, dilçilərə ehtiyac qalacaq. Bunun səbəbi süni intellektin işləmə prinsipidir. Süni intellekt özü mənbə deyil, o, emalçıdır. Yəni fərqli mənbələrdən məlumatları və materialları toplayaraq emal edir və təqdim edir. Süni intellekt özündən yeni qrammatika qaydası kəşf etmir. O, yalnız Dilçilik İnstitutunun və dilçi alimlərin bu günə qədər yaratdığı elmi bazanı, lüğətləri və korpusları oxuyaraq öyrənir və təqdim edir. Dilçilər material istehsal etməsə, süni intellektin təqdim edəcəyi heç nə olmayacaq. Məsələnin mahiyyəti də məhz bundan ibarətdir. Azərbaycan dilinin rəqəmsallaşması da düşünürəm ki, mütəxəssis tələb edir. Süni intellektin Azərbaycan dilində daha mükəmməl danışması üçün kompüter dilçiliyi sahəsinə və linqvistlərin hazırladığı milli mətn korpuslarına ciddi ehtiyac var.
.jpg)
Ekspert məsələnin çox ciddi olduğunu vurğuladı:
"İki il öncə mənim də həmmüəllifi olduğum “Fənlərarası münasibətlər, yeni biliklər istehsalı” adlı fundamental və Azərbaycanda ilk dəfə məhz bu mövzuda ərsəyə gəlmiş elmi tədqiqat kitabında biz fənlərarası münasibətlərə, trans-, inter- və multidissiplinar yanaşmalara keçidin zəruriliyi ilə bağlı həm Elm və Təhsil Nazirliyinin, həm Milli Elmlər Akademiyasının, həm universitetlərin, həm də elmi tədqiqat institutlarının qarşısına konkret, elmi əsaslı yanaşmalar qoymuşuq. Bu mənada hesab edirəm ki, artıq dilçilik elmi də yalnız öz daxilində inkişaf edə bilməz. O, müxtəlif fənlərin yanaşması ilə yeni tədqiqatlar ortaya qoymalıdır. Mən həm də düşünürəm ki, alimlərin bu bəyanata ən doğru cavabı müdafiə olunmaq deyil, süni intellekt və kompüter dilçiliyi sahəsinə inteqrasiyanı sürətləndirmək olmalıdır. Bütövlükdə hazırkı yanaşma kağız üzərində ənənəvi tədqiqatlar və lüğətlər, statik qayda kitablarının yazılması, texnologiyalardan uzaq durmaqdan ibarətdir. Gələcək addımlar isə Azərbaycan dilinin böyük elektron bazalarının yaradılması, süni intellekt modellərinin dilimizi düzgün qavraması üçün linqvistik alqoritmlərin hazırlanması, süni intellekt mütəxəssisləri ilə birlikdə multidissiplinar və fənlərarası layihələrin icra edilməsidir.
Həmsöhbətimizin fikrincə, dərsliklər həqiqətən formasını dəyişərək interaktiv alətlərə çevriləcək:
"Dilçi alimlər isə işsiz qalmayacaq, sadəcə onların əsas işi dərslik yazmaqdan süni intellektə dilimizi öyrətmək missiyasına doğru təkamül edəcək. Yenə də qeyd edirəm ki, nazir bu fikirləri müasir tendensiyaları və təhsil sahəsində qabaqcıl ölkələrin təcrübəsini nəzərə alaraq səsləndirir. Bunlar əslində yeni fikirlər deyil. Belə transformasiyaların qaçılmaz olması artıq bəllidir. Bu nə nazir Emin Əmrullayevin kəşfidir, nə də bu fikirlərə qarşı aqressiv münasibət doğru yanaşmadır. Biz bütün elm sahələrinə, o cümlədən dilçilik elminə yeni baxış ortaya qoymalıyıq. Təkrarlanan, mənasız və heç bir perspektivi olmayan tədqiqatlardan uzaqlaşmaq zamanın tələbidir. Bu, təkcə dilçilik elminə deyil, bütün elm sahələrinə münasibətdə özünü göstərir. Nazirin çıxışının mahiyyətində də məhz bu dayanır: biz elm sahələrinə yeni yanaşmalar ortaya qoymalı, fənlərarası münasibətlərdə və multidissiplinar yanaşmalarda həm fənlərə, həm də elmlərə baxışımızı yenidən formalaşdırmalıyıq. Nazir özü də qeyd edir ki, bu, dilçi alimlərə ehtiyacın qalmaması anlamına gəlmir".
Xədicə BAXIŞLI













