Direktorun paylaşımı narazılıq yaratdı - "Etik çərçivədən kənardır"

 17:09 16.06.2026     8593

Azərbaycanda 11 illik ümumi təhsil sistemində şagirdlər iki dəfə, 9-cu və 11-ci siniflərdə buraxılış imtahanı verirlər. Təbii ki, hər bir şagirdin bilik və bacarıq səviyyəsi eyni olmur. Buna görə də imtahanlarda yüksək nəticə göstərənlərlə yanaşı, aşağı bal toplayan şagirdlər də olur. Qax rayonunun Şotavar kənd tam orta məktəbinin direktoru 9-cu sinif buraxılış imtahanında aşağı nəticə göstərən şagirdlərlə görüş keçirərək onları peşə təhsilinə yönləndirmək məqsədilə söhbət aparıb. Lakin narazılıq doğuran məqam həmin görüşün görüntülərinin şagirdlərin simaları açıq şəkildə göstərilməklə məktəbin rəsmi sosial şəbəkə hesabında paylaşılmasıdır.

Bəs bu paylaşım nə dərəcədə düzgündür? 

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi bildirdi ki, şagirdlərin zəif nəticələrinə görə direktorun onlarla söhbət aparması və yaxud da tənbeh etməsi müəyyən mənada doğru yanaşmadır. Lakin onun sözlərinə görə, bunun görüntüyə alınaraq paylaşılması və ya şagirdləri daha çox psixoloji təzyiqə məruz qoya biləcək fikirlərin səsləndirilməsi doğru yanaşma deyil.

"Ümumilikdə müəyyən məsləhətlər və tövsiyələr vermək, yaxud da nəticələrinin zəif olduğunu, bunun yaxşılaşdırılmasının vacibliyini bildirmək, çalışmalı olduqlarını demək və bu mövzuda söhbət aparmaq, təbii ki, düzgündür. Nəticələri ümumiyyətlə çox aşağı olan şagirdlərin peşə məktəbləri istiqamətində yönləndirilməsi də doğru yanaşmadır. Sadəcə, bunun görüntüyə alınaraq ictimailəşdirilməsi düzgün deyil. Açığı, düşünürəm ki, həmin məktəb direktorunun niyyəti tamamilə səmimidir, yəni müsbət nəticəyə nail olmağa çalışıb. Ancaq bunu bu formada etmək müəyyən mənada etik çərçivədən kənardır. Peşə məktəblərinə təşviqlə bağlı ayrıca bir video hazırlayıb paylaşmaq olardı. Həmçinin şagirdlərə tövsiyələr vermək, onları daha yaxşı nəticələr əldə etməyə həvəsləndirmək, növbəti təhsil pilləsində, ən azı 10-cu və 11-ci siniflərdə uğurlu olmaları üçün hansı addımları atmalı olduqlarını izah etmək və bunu ayrıca videoda təqdim etmək mümkün idi. Amma konkret olaraq açıq tənqid, şagirdlərin psixoloji təzyiqə məruz qalmasına səbəb ola biləcək davranışlar və bu kimi halların çəkilərək paylaşılması doğru yanaşma deyil", - deyə ekspert yekunlaşdırdı.

Qeyd edək ki, paylaşılan bu yazı artıq məktəb tərəfindən öz sosial şəbəkələrindən silinib.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən