Təhsil eksperti məktəbin paylaşımını tənqid etdi: - "Sabah həmin uşaq kimləsə rastlaşanda..."
Bir neçə gün öncə Qax rayonunun Şotavar kənd tam orta məktəbinin direktoru 9-cu sinif buraxılış imtahanında aşağı nəticə göstərən şagirdlərlə görüş keçirərək onları peşə təhsilinə yönləndirmək məqsədilə söhbət aparıb. Bu zaman narazılıq doğuran məsələ isə görüşün görüntülərinin şagirdlərin simaları açıq şəkildə göstərilməklə məktəbin rəsmi feysbuk hesabında paylaşılmasıdır. Hazırda isə həmin paylaşım məktəbin feysbuk hesabından silinib.
Redaktor.az-a danışan AzEdu Təhsil Platformasının icraçı direktoru, təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri bildirdi ki, məsələ ilə bağlı ətraflı müzakirəyə qətiyyən ehtiyac yoxdur:
"Fərqi yoxdur, məktəbin sosial şəbəkə səhifəsi olsun və ya başqa bir qurumun. Hər bir halda, 18 yaşına çatmayan uşaqların, mövzudan asılı olmayaraq, üzüaçıq şəkildə paylaşılması, ictimai müzakirəyə çıxarılması qadağandır. Bu, həm hüquqi müstəvidə, həm də mənəvi-etik müstəvidə qətiyyən yol verilməzdir. İlk andan bu məsələyə qol qoyulmamalı idi. Çünki burada artıq məsələnin şagird psixologiyasına təsiri istiqaməti də var. Həmin şagirdlər özlərini sosial şəbəkədə, ictimai müzakirədə zəif bir bənd kimi görəcəklər və bu, şüuraltı olaraq onlarla həmişə qalacaq. Təsəvvür edin: hüquqi parametr, pedaqoji parametr, mənəvi-etik parametr öz yerində, məsələnin psixoloji parametri daha acınacaqlıdır. Sabah həmin uşaq kimləsə rastlaşanda, artıq o, onun gözündə ictimai müzakirədə zəif bənd kimi müzakirə olunan bir fərd kimi yadda qalacaq. Bu isə yolverilməzdir".
Aytəkin TOFİQQIZI














