"Bəzi məktəblərin bu tələbə əməl etməməsi ədalət prinsipini pozur" - "Son zəng"lə bağlı AÇIQLAMA
“Son zəng” tədbiri məzunların məktəb illəri ilə vidalaşdığı, müəllimlərinə və məktəblərinə təşəkkür etdiyi ən yaddaqalan günlərdən biridir. Bu səbəbdən tədbirin məktəb mühitinə uyğun, nizam-intizamlı və təntənəli şəkildə keçirilməsi xüsusi əhəmiyyət daşıyır.
Son illərdə bəzi məzunların “Son zəng” tədbirlərində məktəbli forması əvəzinə bahalı və fərqli geyimlərə üstünlük verməsi cəmiyyətdə müzakirələrə səbəb olub. Təhsil ictimaiyyətində bu cür yanaşmanın tədbirin əsas mahiyyətindən uzaqlaşdığı, şagirdlər arasında sosial fərqləri qabartdığı və məktəb ənənələrinə uyğun gəlmədiyi ilə bağlı fikirlər səsləndirilib.
Elm və Təhsil Nazirliyinin sisteminə daxil olan təhsil qurumlarına göndərilən təlimatlarda şagirdlərin xarici görünüşünün və geyiminin məktəbin nizam-intizam qaydalarına uyğun olması vurğulanır. Eyni zamanda, təhsil rəsmiləri məzunların “Son zəng” tədbirində məktəbli formasında iştirak etmələrinin vacibliyini bildirirlər. Onların fikrincə, məktəbli forması şagirdin təhsil aldığı müəssisəyə mənsubiyyətinin rəmzidir və məzunlar həmin gün təkcə məktəblə deyil, həm də illərlə daşıdıqları məktəbli forması ilə vidalaşırlar.
Məktəbli forması “Son zəng” tədbirinin daha səliqəli, bərabərhüquqlu və mənəvi dəyərlərə uyğun şəkildə keçirilməsinə xidmət edir. Bu baxımdan məzunların tədbirdə məktəbli formasında iştirak etməsi həm məktəb ənənələrinə hörmətin, həm də məktəbə bağlılığın ifadəsi kimi qiymətləndirilir.
"Son zəng" tədbiri ilə bağlı əvvəlcədən şagirdlərə məktəbli formasında iştirak etmələrinin vacibliyi bildirilsə də, iyunun 13-də bəzi məktəblərdə bu tələbə əməl olunmadığı müşahidə edildi.
Məktəbli forması ilə bağlı konkret göstəriş varsa, ona əməl edilməməsi nə qədər düzgün yanaşma hesab oluna bilər?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında təhsil eksperti Vüsət Əzizov bildirdi ki, əvvəlcədən Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən məktəblərə “Son zəng” tədbirinin keçirilməsi qaydalarını tənzimləyən təlimatlar göndərilmişdi. Onun sözlərinə görə, təlimatdan irəli gələn məsələlərlə bağlı şagird, müəllim və valideynlərlə müvafiq maarifləndirici söhbətlər aparıldı:
"Ümumi təhsil müəssisələrində “Son zəng” tədbirinin təşkilinə ümumi təhsil müəssisəsinin direktoru rəhbərlik edir və tədbir zamanı, eləcə də tədbirdən sonra məktəbdə baş verən hər hansı neqativ hadisəyə görə məsuliyyət daşıyır. Elm və Təhsil Nazirliyi “Son zəng”in məktəbin rəsmi tədbiri olduğunu əsas gətirərək məktəbli formasının geyinilməsini tələb edirdi. Bunun məqsədi adətən nizam-intizamın qorunması, şagirdlər arasında sosial fərqlərin qabardılmaması və tədbirin məktəb ənənələrinə uyğun keçirilməsidir. Bu baxımdan belə bir tələbin irəli sürülməsi anlaşılandır.
Əgər qayda əvvəlcədən elan edilibsə və bütün məktəblərə eyni şəkildə tətbiq olunmalı idisə, bəzi məktəblərin buna əməl etməməsi idarəetmə baxımından suallar yaradır. Qaydalar ya hamı üçün tətbiq olunmalıdır, ya da onların icrası məcburi olmamalıdır. Əks halda, bərabərlik və ədalət prinsipi pozulmuş olur.
Digər tərəfdən, “Son zəng” məzunların həyatında xüsusi bir gündür və bəzi insanlar hesab edirlər ki, həmin gün şagirdlərə geyim seçimində daha çox sərbəstlik verilməlidir. Bu yanaşmaya görə, əsas məsələ geyimdən çox tədbirin təhlükəsiz və mədəni şəkildə keçirilməsidir. Yəni burada əsas mübahisə “məktəbin qayda müəyyən etmək hüququ” ilə “şagirdlərin şəxsi seçim azadlığı” arasında balansın necə qurulmasıdır".
Ekspert əlavə etdi ki, əgər qayda qoyulubsa, ona əməl edilməməsi prinsip etibarilə düzgün sayılmır.
"Lakin qaydanın özünün nə dərəcədə məqsədəuyğun olması ayrıca müzakirə mövzusudur. Əvvəlki illərdə təlimata uyğun olmayan hadisələrin baş verməsinə görə məktəb direktorlarına töhmət verilib, bəzi hallarda isə onlar vəzifələrindən azad ediliblər.
Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra bəzən xoşagəlməz hadisələr baş verə bilir. Bu hadisələr adətən şagirdlərin özləri tərəfindən sosial şəbəkələrdə paylaşılır, cəmiyyət tərəfindən xoş qarşılanmır və nəticədə ictimailəşir. Sonradan isə həmin hadisələrə görə məktəb rəhbərliyi cəzalandırılır.
Əgər geyim məsələsini bir kənara qoysaq, bu il təlimata zidd olan hər hansı ciddi hadisənin baş verdiyinin şahidi olmamışam", - deyə V.Əzizov yekunlaşdırdı.
NURİYYƏ













