“Suallar ciddi hazırlıq tələb edirdi” - 57 bal toplayan müəllim
98 nömrəli tam orta məktəbin rus dili müəllimi Leyla Quliyeva müəllimlərin sertifikatlaşdırılması imtahanında 57 bal toplayıb.
Redaktor.az "Azərbaycan müəllimi"nə istinadla xəbər verir ki, müəllim imtahanın nəticələri ilə bağlı təəssüratlarını bölüşərək uğurun əsas şərtinin mütəmadi mütaliə və hazırlıq olduğunu bildirib.
Onun sözlərinə görə, imtahanda təqdim olunan suallar sadə olmayıb və ciddi hazırlıq tələb edib.
“Suallar, əlbəttə, asan deyildi. Oxumaq lazımdır. Oxuyan müəllim üçün normal suallardır”, – deyə Leyla Quliyeva qeyd edib.
Müəllim bildirib ki, sualların ümumi səviyyəsi orta çətinlik dərəcəsində olub və daha çox düşünməyi tələb edən tapşırıqlar üstünlük təşkil edib.
“Asan suallar da var idi, çətin suallar da. Daha çox düşündürən suallar üstünlük təşkil edirdi”, – deyə o vurğulayıb.
Leyla Quliyeva imtahanın təşkilini də yüksək qiymətləndirərək prosesin şəffaf və nizamlı keçirildiyini bildirib.
“Nəzarət güclü idi, təşkilatçılıq yüksək səviyyədə qurulmuşdu. Heç bir problem yaşamadım. Müəllimlərə çox diqqətlə yanaşırdılar”, – deyə o əlavə edib.
Müəllimin sözlərinə görə, imtahana hazırlıq zamanı həm ixtisas, həm də kurikulum istiqamətləri üzrə çalışıb.
“Hər iki istiqamət üzrə hazırlaşmışdım. Həm kurikulum, həm də ixtisas üzrə oxuyurdum”, – deyə Leyla Quliyeva bildirib.
Sertifikatlaşdırmanın müəllimlərin peşəkar inkişafına müsbət təsir göstərdiyini qeyd edən müəllim bu prosesin biliklərin yenilənməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
“Məncə, həm peşəkar inkişaf, həm də əməkhaqqı artımı müəllim üçün stimul yaradır. Sertifikatlaşdırmanın keçirilməsi çox müsbət haldır. Çünki istər-istəməz biliklər yenilənir, təzələnir, müəllimlər daha çox oxuyur, dərsliklərlə və kurikulumla yenidən işləyirlər. Əlbəttə ki, əməkhaqqı artımı da mühüm stimulverici amillərdən biridir”, – deyə o bildirib.













