"Vahid müəllim forması təhsil mühitinin daha da güclənməsinə xidmət edəcək" - Müəllimdən DƏSTƏK
Milli Məclisin Elm və təhsil komitəsinin iclasında müzakirə olunan “Ümumi təhsil haqqında” qanuna təklif edilən dəyişikliklər arasında müəllimlərin geyim qaydaları ilə bağlı yeni hüquqi tənzimləmə də yer alıb. Layihəyə əsasən, dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin işgüzar geyim normalarına əməl etməsi qanunvericilik səviyyəsində təsbit ediləcək.
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında Bakı şəhəri 17 nömrəli tam orta ümumtəhsil məktəbinin ibtidai sinif müəllimi Elmira Ağayeva bildirdi ki, dövlət ümumi təhsil müəssisələrində müəllimlər üçün geyim tələblərinin müəyyənləşdirilməsi artıq zərurətə çevrilmişdi:
"Son illərdə müəllim nüfuzunun qorunması, məktəb mühitində peşəkar görünüşün formalaşdırılması və vahid korporativ mədəniyyətin yaradılması baxımından bu məsələnin aktuallığı daha çox hiss olunurdu. Mən bu istiqamətdə region və paytaxt müəllimləri ilə maarifləndirici görüşlər və müzakirələr təşkil etmişəm. Bu görüşlərdə də müəllimlərin geyim tərzi və həmin tərzin müəllim nüfuzuna təsiri dəfələrlə vurğulanıb. Çünki müəllim cəmiyyət qarşısında nümunəvi şəxsdir və onun xarici görünüşü də peşəsinin nüfuzuna uyğun olmalıdır".
Müsahibimiz hesab edir ki, məktəbli formalarında olduğu kimi, müəllimlər üçün də yay və qış mövsümlərinə uyğun geyim variantlarının hazırlanması daha məqsədəuyğun olar:
"Qadın müəllimlər üçün klassik üslubda şalvar və ya ətək seçimi təqdim edilməli, kişi müəllimlər üçün isə tünd rəngli, səliqəli və klassik üst geyim formaları nəzərdə tutulmalıdır. Bununla yanaşı, geyimlər rahat, zövqlü və müəllimlərin gündəlik fəaliyyətinə uyğun olmalıdır. Düzgün hazırlanmış vahid müəllim forması məktəblərdə nizam-intizamın, peşəkarlığın və təhsil mühitinin daha da güclənməsinə xidmət edəcək. Xüsusi qeyd etmək istəyirəm ki, müəllimlərin fərdiliyini məhdudlaşdırmadan onların peşəkar kimliyini ön plana çıxaran bir yanaşma həm təhsil ictimaiyyəti, həm də valideynlər tərəfindən müsbət qarşılanacaq".
NURİYYƏ













