Modelyerdən müəllim forması ilə bağlı TƏKLİF: "Yayda ətək, qışda şalvar"

 18:04 17.06.2026     2351

Milli Məclisin Elm və təhsil komitəsinin iclasında müzakirəyə çıxarılan “Ümumi təhsil haqqında” qanuna təklif edilən dəyişikliklərdən biri də müəllimlərin geyimi ilə bağlı hüquqi əsasın yaradılmasıdır. Layihəyə əsasən, dövlət ümumi təhsil müəssisələrində təhsilverənlərin işgüzar geyim qaydalarına riayət etməsi qanunvericilik səviyyəsində tənzimlənəcək.

Bəs müəllimlərin vahid geyim forması necə olmalıdır?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında modelyer-dizayner Səkinə Əliyeva bildirdi ki, müəllimlər günün böyük hissəsini məktəbdə keçirdiklərinə görə onlar üçün daha rahat, qış və yay aylarına uyğun, hava keçirən keyfiyyətli parçalardan hazırlanmış geyim formaları nəzərdə tutulsun:

"Bu geyimlər səliqəli, sadə və ciddi üslubda ola bilər. Məsələn, qış aylarında şalvara üstünlük verilməsi daha məqsədəuyğun olar. Yay aylarında isə ətəkdən istifadə etmək kifayət edər. Məncə, belə bir yanaşma daha rahat olar. Bu, həm isti və soyuq hava şəraitində rahatlıq baxımından, həm də estetik görünüş baxımından müsbət nəticə verər və müəllimlərin daha səliqəli görünməsinə şərait yaradar. Eyni zamanda, geyim formalarının seçilməsi zamanı müəllimlərin fikirləri və təklifləri də nəzərə alınmalıdır. Çünki bu geyimlərdən gündəlik istifadə edən məhz müəllimlərdir və onların rahatlığı əsas prioritetlərdən biri olmalıdır. Düşünürəm ki, düzgün seçilmiş vahid geyim forması həm müəllim peşəsinin nüfuzuna müsbət təsir göstərəcək, həm də məktəbdə daha peşəkar və nizamlı mühitin formalaşmasına töhfə verəcək".

Qeyd edək ki, başlıq şəkildə təklif olunan formalar süni intellekt vasitəsilə hazırlanıb.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən