Bu ixtisaslarda bal artımı olacaq, digərlərində 10 ballıq azalma - SƏBƏB?

 13:14 18.06.2026     4170

Dünən II və III ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarının nəticələri açıqlanıb. İmtahanın nisbətən asan olduğu ilə bağlı fikirlər səslənsə də, nəticələr fərqli mənzərə ortaya qoyub. Belə ki, II ixtisas qrupu üzrə maksimum nəticə olan 400 balı toplayan heç bir abituriyent olmayıb. III ixtisas qrupu üzrə isə cəmi 3 nəfər 400 bal toplayaraq ən yüksək nəticəyə nail olub. Bu isə imtahanın asan olması ilə bağlı səsləndirilən fikirlərin nəticələrdə tam əksini tapmadığını göstərir.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında təhsil eksperti Elçin Murad bildirdi ki, bu il buraxılış imtahanlarında sualların çətinlik dərəcəsindən daha çox vaxt aparması diqqət çəkib:

"Yəni buna birbaşa çətinlik demək düzgün olmaz. Çətinlik o zaman olur ki, sualın cavabını tapmaq çətinləşir. Bu il isə daha çox diqqət, analiz və vaxt tələb edən suallar üstünlük təşkil edirdi. Abituriyentlər suallar üzərində daha çox düşünməli və vaxt sərf etməli olurdular. Buraxılış imtahanının bu formada keçirilməsi ölkə üzrə maksimum nəticə - yəni 300 bal toplayan abituriyentlərin sayının azalmasına səbəb oldu. Digər tərəfdən, blok imtahanlarının ötən illərlə müqayisədə daha asan keçməsi müəyyən balans yaratdı. Bu baxımdan, hazırkı vəziyyətdə demək olar ki, ballarda ciddi dəyişiklik gözlənilmir. Bununla belə, yekun statistika açıqlanandan sonra müəyyən fərqlər ortaya çıxa bilər".

Ekspertin qənaətincə, xüsusilə I, II və III ixtisas qruplarında 200 baldan 350-400 bala qədər keçid balı olan ixtisaslarda keçid ballarının 5-10 bal artması ehtimalı daha yüksəkdir.

"Birinci qrupda 200-400 bal, ikinci qrupda 200-350 bal, üçüncü qrupda isə 200-400 bal aralığında yerləşən ixtisaslarda müəyyən bal artımı müşahidə oluna bilər.

Lakin 400 baldan yuxarı keçid balı olan ixtisaslarda vəziyyət bir qədər fərqlidir. Buraxılış imtahanında yüksək nəticə göstərən abituriyentlərin sayının azalması səbəbindən yüksək bal tələb edən ixtisaslarda ciddi artım gözlənilmir. Əksinə, bəzi hallarda 500-700 bal aralığında olan ixtisaslarda keçid ballarında 5-10 ballıq azalma da mümkündür. Ancaq bütün bunlar ilkin ehtimallardır. Statistik göstəricilər tam açıqlanmadan, ötən ilin nəticələri ilə bu ilin nəticələri ətraflı müqayisə olunmadan keçid ballarının nə qədər artacağı və ya azalacağı barədə qəti fikir söyləmək doğru olmaz", - deyə o bildirdi.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən