Keçid ballarında kəskin dəyişiklik olacaq? - Abituriyentlər üçün vacib MESAJ
"İmtahanda maksimum nəticənin 300 və ya 400 bal olması, əslində, çox da prinsipial məsələ deyil. Çünki bir və ya iki sualın səhv cavablandırılması ümumi imtahan sisteminə və qəbul prosesinə ciddi təsir göstərən amil hesab oluna bilməz".
Bu fikirləri Redaktor.az-a II və III ixtisas qrupları üzrə Dövlət İmtahan Mərkəzinin (DİM) keçirdiyi ali təhsil müəssisələrinə qəbul imtahanlarının nəticələri haqqında danışan təhsil eksperti Elçin Süleymanov bildirdi.
Onun sözlərinə görə, əsas məsələ abituriyentlərin ümumi bal bölgüsüdür:

"Bu il formalaşan bal aralığı əvvəlki illərlə müqayisədə ciddi şəkildə fərqlənmir. Ona görə də keçid ballarında kəskin artım gözlənildiyini söyləmək doğru olmaz. Üstəlik, dövlət sifarişli yerlərin sayının artırılması da bu prosesə təsir edən mühüm amillərdən biridir. Müraciət edən və sənəd verən abituriyentlərin sayı da ötən ilə yaxın olduğuna görə ümumi mənzərənin əvvəlki ilə ekvivalent olacağını düşünmək olar. Plan yerlərinin və dövlət sifarişli yerlərin müəyyən qədər artırılması fonunda bəzi ixtisaslarda 5–10 ballıq dəyişikliklər mümkündür. Bu dəyişikliklər isə ixtisaslara və ixtisas qruplarına görə fərqlənə bilər. Burada əsas göstərici yenə də abituriyentlərin ümumi bal aralığıdır. Ən yüksək nəticə göstərənlər isə ayrıca bir qrup təşkil edirlər. Bunlar Prezident təqaüdünə namizəd olan və hər ixtisas qrupu üzrə ən yüksək nəticə göstərən 25 nəfərdir. Həmin şəxslərin 700 və ya 680 bal toplaması prinsipial əhəmiyyət daşımır. Əhəmiyyətli olan onların öz qruplarında ən yüksək nəticəni göstərmələridir.
Bu baxımdan bir və ya iki sualın səhv cavablandırılması əsasında imtahan sisteminin uğursuz olduğunu və ya sualların həddindən artıq çətin olduğunu söyləmək üçün ciddi əsas yoxdur. Ümumi nəticələr göstərir ki, builki vəziyyət əvvəlki illərlə müqayisədə böyük fərq yaratmır. Qeyd etdiyim kimi, dövlət sifarişli yerlərin sayının artırılması bəzi ixtisaslarda keçid ballarının müəyyən qədər aşağı düşməsinə səbəb ola bilər. Ancaq yekun nəticələr və statistik göstəricilər tam açıqlanmadan bu barədə qəti fikir bildirmək düzgün olmaz".
NURİYYƏ













