"Şagirdlərin vahid geyimi varsa, müəllimlərin də vahid geyimi olmalıdır" - Müəllimdən DƏSTƏK
"Müəllim təhsil prosesində yalnız bilik verən şəxs deyil, eyni zamanda təhsilalanlar üçün davranış və mədəniyyət nümunəsidir. Müəllimin geyimi, xarici görünüşü, ünsiyyət tərzi və etik davranışı məktəbdə formalaşan təlim-tərbiyə mühitinə birbaşa təsir göstərən amillərdəndir".
Bu fikirləri Redaktor.az-a açıqlamasında Bakı şəhəri Suraxanı rayonu V.Mirzəliyev adına 281 nömrəli tam orta məktəbin Tədris işləri üzrə direktor müavini, məktəb idarəetmə sahəsində 3 kitab müəllifi və təlimçi, "Azərbaycan Təhsili" marifləndirici sosial platformasının rəhbəri Aqşin Kazımov müəllimlər üçün geyimlə bağlı hüquqi əsas yaradılmasından danışarkən səsləndirdi.
Onun sözlərinə görə, müəllimlərin geyim və xarici görünüş məsələsi “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 12.13-cü maddəsi və “Müəllimlərin etik davranış qaydaları”nın 3.6-cı bəndi ilə tənzimlənir:
"Bu normaların əsas məqsədi müəllimin peşə nüfuzunun qorunması, təhsil müəssisəsində sağlam və nümunəvi mühitin yaradılmasıdır. Müəllimin geyimi onun peşə fəaliyyətinə uyğun, səliqəli və təhsil mühitinin tələblərinə cavab verən formada olmalıdır. Burada əsas məqsəd müəllimin şəxsi görünüşünü məhdudlaşdırmaq deyil, məktəbdə pedaqoji nüfuzu, məsuliyyəti və peşəkarlığı nümayiş etdirməkdir".
.png)
Direktor müavini müəllimin xarici görünüşü və davranışının təhsilalanlara bir sıra müsbət təsirlər göstərməsindən də danışdı:
"Şagirdlər müəllimi gündəlik olaraq müşahidə edir və onun davranışlarından, səliqəsindən, ünsiyyətindən təsirlənirlər. Səliqəli görünüş və etik davranış şagirdlərdə özünə hörmət və məsuliyyət hisslərini inkişaf etdirir. Müəllimin peşəkar görünüşü dərs mühitində diqqət və intizamın qorunmasına kömək edir. Şagird müəllimin dərsə və məktəbə verdiyi önəmi daha yaxşı anlayır. Müəllimin davranışı və görünüşü məktəbin ümumi nüfuzunun formalaşmasında mühüm rol oynayır. Bu, kollektivdə qarşılıqlı hörmət və əməkdaşlıq mühitini yaradır. Peşəkar görünüş və etik münasibət müəllim–şagird əlaqəsində inam yaradır. Şagird müəllimə daha rahat müraciət edir və təlim prosesində daha fəal iştirak edir. Şagirdlər müəllim nümunəsində işgüzar üslub, mədəni davranış və ictimai münasibətlərdə düzgün yanaşma kimi bacarıqlar əldə edirlər. Mmüəllimin geyimi və xarici görünüşü sadəcə zahiri amil deyil, pedaqoji təsirin bir hissəsidir. Müəllimin peşəkarlığı, etik davranışı və nümunəvi görünüşü təhsilalanların həm akademik, həm də sosial inkişafına müsbət təsir göstərir. Təhsilalanların vahid geyimi varsa, bu halda təhsilverənlərin də vahid geyim forması olmalıdır. Müəllim şagirdlər üçün bir nümunədir".
Aytəkin TOFİQQIZI













