II və III qruplarda keçid balları artacaq? - AÇIQLAMA
Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi (DİM) ali məktəblərə qəbul imtahanının II və III ixtisas qrupları üzrə nəticələrini elan edib.
Xatırladaq ki, I ixtisas qrupu üzrə maksimum nəticə olan 400 balı toplayan heç bir abituriyent olmayıb. III ixtisas qrupu üzrə isə cəmi 3 nəfər 400 bal toplayaraq ən yüksək nəricə əldə edib.
Statistikaya əsasən bu iki qrupda keçid ballarında artım gözlənilirmi?
Təhsil məsələləri üzrə ekspert Səbuhi Abdullayev Redaktor.az-a açıqlamasında bildirdi ki, bu il keçirilən qəbul imtahanlarının artıq birinci cəhdinin nəticələri elan olunub, amma qarşıda ikinci cəhd imtahanı da var:
"Hər iki cəhdin yekun nəticələri əsasında daha dəqiq proqnozlar vermək mümkün olacaq. Eyni zamanda, plan yerlərinin artması və ya azalması da hansı ixtisaslarda keçid ballarının dəyişəcəyini daha dəqiq müəyyən etməyə imkan verəcək. Ümumilikdə isə imtahanın nisbətən çətin olması və vaxt aparan sualların yer alması müəyyən ixtisaslarda öz təsirini göstərəcək. 300-400 bal və ya daha aşağı nəticə ilə qəbul aparılan ixtisaslarda müəyyən artımlar gözlənilir. Lakin keçid balları yüksək olan ixtisaslarda ciddi artımların baş verəcəyi hələlik gözlənilmir".

Müsahibimiz bildirdi ki, Dövlət İmtahan Mərkəzi tərəfindən təqdim edilən statistika əsasında daha dəqiq və müqayisəli təhlillər aparmaq mümkün olacaq:
"Ümumiyyətlə, yeni yaradılan ixtisaslara marağın daha yüksək olması səbəbindən həmin ixtisaslarda keçid ballarının da yüksək olacağı gözlənilir. Digər ixtisaslarda isə vəziyyətin ötən illə müqayisədə ciddi şəkildə fərqlənməyəcəyi ehtimal olunur".
Xədicə BAXIŞLI













