700 bal niyə yoxa çıxdı? - Ekspertdən sərt REAKSİYA
“Hazırda ölkə üzrə ikinci və üçüncü ixtisas qruplarında maksimum 700 bal toplayan yoxdur. Buna səbəb isə buraxılış imtahanının çətin olmasıdır. Keçən illərə baxdıqda maksimal balların çox olduğunu müşahidə edirik. Bu da onu göstərir ki, Dövlət İmtahan Mərkəzi buraxılış imtahanlarını çətin salmamalıdır. Buraxılış imtahanlarının çətin olması isə ümumi yekuna təsir göstərir”.
Bu fikirləri Redaktor.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev səsləndirdi.
Müsahibimiz vurğuladı ki, hələ birinci və dördüncü qrupların cavabları açıqlanmayıb, 700 bal toplayanlar ola bilər, amma olsa da, onların sayı az olacaq:
“Ümid edək ki, DİM bundan sonrakı illərdə bu məsələyə xüsusi diqqət yetirsin. Buraxılış imtahanı son iki ildə keçirildiyi kimi olsa idi, əla olardı. Belə olsa idi, həm də abituriyentlər narahat olub gərginliyə düşməzdilər. Yekunda da qeyd edim ki, hazırkı vəziyyətin səbəbi buraxılış imtahanlarının çətin keçməsidir. Mövcud vəziyyət isə keçid ballarına təsir göstərəcək. Ümid edək ki, ikinci cəhd imtahanının sualları daha rahat olar və abituriyentlər ümumi ballarını yüksəldə bilərlər”.
Aytəkin TOFİQQIZI













