"Sualları tələsik oxuyur və mexaniki səhvlərə yol verirlər" - Sertifikasiya imtahanı verənlərə ÇAĞIRIŞ

 17:59 18.06.2026     1871

Dünəndən müəllimlərin sertifikatlaşdırma imtahanları başlayıb. Lakin imtahanın ilk günü maksimum nıəticə toplayan olmayıb. Açıqlama verən bəzi müəllimlər bildirib ki, imtahanda orta və düşündürücü suallar olub.

Bəs imtahanın ilk günü niyə maksimum nəticə olmayıb və sualların düşündürücü olması nə dərəcədə düzgündür?

Redaktor.az-a danışan təhsil eksperti Şəmsi Qoca bildirdi ki, sertifikatlaşdırma imtahanının ilk günlərində maksimal balın toplanmaması, ilk növbədə, imtahanın ilk gününə xas olan yüksək psixoloji gərginlik və naməlumluq qorxusu ilə bağlıdır:

"Həyəcan fonunda müəllimlər diqqət yayınıqlığı yaşayır, sualları tələsik oxuyur və mexaniki səhvlərə yol verirlər. İkinci əsas səbəb isə sualların artıq əzbərçi faktlara deyil, biliyin tətbiqinə, məntiqi təhlilə və situasiya analizlərinə əsaslanmasıdır. Bu cür düşündürücü suallar həm zamanın düzgün idarə edilməsini çətinləşdirir, həm də sadəcə yaddasaxlama qabiliyyətini deyil, pedaqoji təfəkkürü süzgəcdən keçirir. Çox sayda insanın maksimal bal toplamaması imtahanın ölçmə və seçicilik qabiliyyətinin, ciddi bir filtr rolunun göstəricisidir".

Müsahibimiz sualların səviyyəsindən də danışdı:

"Sualların səviyyəsinə gəldikdə isə onlar müəllimi sistemdən kənarlaşdırmaq üçün süni şəkildə qəlizləşdirilməməli, lakin həddindən təməl səviyyədə də olmamalıdır. İdeal imtahan sualları tamamilə məktəb proqramı və elan olunmuş çərçivə daxilində qalmalı, lakin qeyri-standart, yaradıcı yanaşma tələb etməlidir. Sualların əsas hissəsi orta çətinlikdə — müəllimin sinif otağındakı real pedaqoji situasiyalarda (metodika, differensial təlim, sinif idarəedilməsi) düzgün qərar vermək bacarığını yoxlayan səviyyədə qurulmalıdır. Yalnız kiçik bir faiz sual ən yüksək elmi və metodiki hazırlığı olan müəllimləri fərqləndirmək üçün yüksək çətinlik dərəcəsinə malik olmalıdır. Çünki yalnız dərindən düşünən və təhlil edən müəllim gələcəkdə eyni keyfiyyətdə şagird yetişdirə bilər. Növbəti günlərdə həyəcan amili azaldıqca, maksimal balların ortaya çıxması tamamilə təbiidir".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən