“İmtahanda heç bir mövzuda çətinlik çəkmədim" - 60 bal toplayan müəllim
2019-cu ildən Şəmkir rayonu Səməd Vurğun adına Düzqışlaq kənd tam orta ümumtəhsil məktəbində fəaliyyət göstərən Təhminə Verdiyeva sertifikasiya imtahanında yüksək nəticə əldə edən müəllimlər sırasında yer alıb.
Redaktor.az xəbər verir ki, “Azərbaycan müəllimi" maksimum – 60 balı toplayan Təhminə müəllimlə həmsöhbət olub. O, bu uğurun arxasında məqsədyönlü hazırlığın, məsuliyyətli yanaşmanın və ailə dəstəyinin dayandığını bildirir: “Sentyabr ayından etibarən sistemli şəkildə hazırlaşmağa başlamışdım. Qarşıma konkret məqsəd qoymuşdum və plana uyğun şəkildə çalışırdım”.
Onun sözlərinə görə, imtahan zamanı mövzularla bağlı ciddi çətinlik yaşamayıb: “İmtahanda heç bir mövzuda çətinlik çəkmədim. Əsas diqqətimi sualları düzgün oxumağa və düzgün anlamağa yönəltmişdim”.
Müəllim imtahan zamanı həyəcan keçirdiyini etiraf etsə də, prosesin yüksək səviyyədə təşkil olunduğunu vurğulayır: “Təşkilatçılıq yüksək səviyyədə qurulmuşdu. Nəzarətçilərin iştirakçılarla rəftarı da çox yaxşı idi”.
Hazırlıq prosesində vaxt bölgüsünün düzgün qurulmasının ona kömək etdiyini bildirən müəllim deyir: “Dərs ilinin əvvəlində özüm üçün dəqiq vaxt planı hazırlamışdım. Xüsusilə qeyri-iş günlərində daha çox çalışaraq hazırlığımı gücləndirirdim”.
İmtahan suallarının məzmunu barədə belə deyir: “Suallar meyarlara əsasən hazırlanmışdı və gözlədiyim səviyyədə idi. Buna görə də məni təəccübləndirən hər hansı məqam olmadı”.
Təhminə müəllim sertifikasiya imtahanının gələcək peşə fəaliyyətinə təsiri barədə danışır: “Bu barədə hələ ki, dəqiq fikir söyləyə bilmirəm. Ancaq bundan sonra da əvvəlki kimi işimə məsuliyyətlə yanaşmağa davam edəcəyəm”.













