Əmlakı idarə etmək üçün 4 il oxumağa dəyərmi? - AÇIQLAMA

 19:20 19.06.2026     1062

Azərbaycanda ali təhsil sisteminə daxil edilən yeni ixtisaslardan biri də “Daşınmaz əmlakın idarə olunması”dır. Son illər ölkədə yaşayış komplekslərinin, ticarət obyektlərinin və digər daşınmaz əmlakların sayı artdıqca onların peşəkar şəkildə idarə edilməsinə ehtiyac da artır. Bir çox ölkələrdə ayrıca peşə sahəsi kimi formalaşan əmlak idarəçiliyi artıq Azərbaycanda da universitet səviyyəsində tədris olunacaq.

Bəs yeni ixtisas əmək bazarının real tələbatından yaranıb, yoxsa sadəcə diplom əldə etmək üçün istiqamət formalaşdırılır?

Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, təhsil eksperti İlqar Orucov Redaktor.az-a bildirdi ki, Azərbaycanda “daşınmaz əmlakın idarə olunması” ixtisasının ali təhsil sisteminə daxil edilməsi həm yerli əmək bazarının real tələblərindən, həm də təhsilin müasirləşdirilməsi zərurətindən irəli gəlir.

“Sosial şəbəkələrdə gənclər arasında bu sahənin daha çox qısamüddətli praktiki kurslar və sertifikat proqramları ilə öyrənilə biləcəyi fikri səslənsə də, qlobal trendlər və sahənin mürəkkəbliyi fərqli reallığı ortaya qoyur. Mən hesab edirəm ki, bu təşəbbüs əmək bazarının real ehtiyacına cavab verir. Amma əsas sual budur: niyə məhz indi belə bir ixtisasa ehtiyac yaranıb? Son illərdə Azərbaycanda, xüsusilə Bakı və digər iri şəhərlərdə tikinti sektoru kəmiyyət mərhələsindən keyfiyyət mərhələsinə keçid edib. İri yaşayış kompleksləri, məsələn, Ağ Şəhər layihəsi, çoxfunksiyalı göydələnlər, böyük ticarət və biznes mərkəzləri artıq sadəcə komendant və ya mühafizə xidməti səviyyəsində idarə oluna bilməz.”

Müsahibimiz əlavə etdi ki, bu obyektlərin idarə olunması çoxşaxəli və mürəkkəb funksiyaları əhatə edir:

“Birincisi, maliyyə və büdcə planlaması xüsusi əhəmiyyət daşıyır. Milyonlarla manatlıq investisiyaların qorunması, amortizasiya fondlarının idarə olunması, icarə haqlarının optimallaşdırılması və maliyyə risklərinin təhlili peşəkar yanaşma tələb edir.

İkincisi, hüquqi tənzimləmə məsələləri ön plana çıxır. Daşınmaz əmlak hüququ, mülkiyyət münasibətləri, müqavilə hüququ və dövlət reyestri ilə iş kimi sahələrdə ciddi mütəxəssis ehtiyacı var. Üstəlik, bu sahədə qanunvericilik tez-tez yeniləndiyi üçün proseslərə yalnız peşəkar yanaşma ilə effektiv nəzarət mümkündür.

Üçüncüsü, “ağıllı şəhər”, “ağıllı kənd” və ümumilikdə smart texnologiyaların tətbiqi müasir binaların idarə olunmasında mühüm rol oynayır. Enerji səmərəliliyi, mərkəzləşdirilmiş sistemlər, ekoloji standartlar və texniki infrastruktur artıq mühəndis-texniki biliklər tələb edir.

Dördüncü istiqamət isə strateji marketinq və əmlakın bazarda mövqeləndirilməsidir. Əmlak portfelinin idarə edilməsi, likvidliyin artırılması, investisiya cəlbediciliyinin yüksəldilməsi və böhran idarəetməsi kimi məsələlər də peşəkar yanaşma tələb edir. Bu qədər multidissiplinar bilikləri 3-6 aylıq kurslarla tam şəkildə mənimsəmək real deyil.”

Ona görə də bazarda fundamental hazırlığa malik idarəedici kadrlara ehtiyac formalaşır. Burada tez-tez ortaya çıxan “sertifikat, yoxsa ali təhsil?” sualına da aydınlıq gətirmək vacibdir. Gənclərin “qısa kurslar kifayətdir” fikrində müəyyən həqiqət payı var, lakin burada iki fərqli səviyyəni ayırmaq lazımdır. Birinci səviyyə gündəlik əməliyyat idarəçiliyidir: müştəri xidmətləri, texniki baxış, təmizlik, mühafizə və oxşar funksiyalar. Bu mərhələ üçün qısamüddətli kurslar və praktiki təlimlər kifayət edə bilər. İkinci səviyyə isə strateji idarəetmədir. Əmlak portfelinin idarə olunması, investisiya strategiyalarının hazırlanması, böyük holdinqlərdə əmlak departamentlərinin rəhbərliyi kimi funksiyalar artıq dərin iqtisadi, hüquqi və idarəetmə bilikləri tələb edir. Bu səviyyə üçün ali təhsil zəruridir. Beynəlxalq təcrübə də bunu təsdiqləyir. ABŞ, Böyük Britaniya və Almaniya kimi ölkələrdə daşınmaz əmlakın idarə olunması universitetlərdə bakalavr və magistr səviyyəsində tədris olunur və peşəkar institutlar tərəfindən standartlaşdırılır.”

Onun sözlərinə görə, Azərbaycanda bu ixtisasın yaradılması həm də iqtisadi inkişafla bağlıdır.

“Qeyri-neft sektorunun, xüsusilə xidmət və idarəetmə sahələrinin genişlənməsi daha ixtisaslı kadr tələbatını artırır. Bununla belə, əsas risk bu ixtisasın formal diplom istiqamətinə çevrilməsidir. Bu riski azaltmaq üçün universitetlər bir sıra mühüm addımlar atmalıdırlar. Ən vacib istiqamətlərdən biri dual təhsil modelidir. Tələbələrin ən azı 1–1,5 ilini real şirkətlərdə praktiki təcrübədə keçirməsi vacibdir. Bu model Almaniya təcrübəsində effektiv şəkildə tətbiq olunur. Digər vacib məsələ müasir kurikulumların formalaşdırılmasıdır. Tədris proqramları klassik sovet yanaşmasından uzaqlaşmalı, maliyyə, menecment, informasiya texnologiyaları və beynəlxalq standartlara əsaslanmalıdır. Eyni zamanda, tədris prosesinə sahə təcrübəsi olan yerli və xarici mütəxəssislərin cəlb edilməsi də mühüm rol oynayır. Nəzəri biliklə yanaşı, real bazar təcrübəsi də tələbələrə ötürülməlidir. Ümumilikdə, daşınmaz əmlakın idarə olunması ixtisasının açılması diplom naminə bir addım deyil, əmək bazarının gecikmiş, lakin obyektiv tələbatıdır. Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun inkişafı bu tip peşəkar idarəetmə kadrlarına ehtiyacı daha da artırır. Universitetlər biznes sektoru ilə daha sıx əməkdaşlıq qura bilsələr, bu ixtisasın məzunları yaxın gələcəkdə ölkənin ən çox tələb olunan və yüksək gəlirli mütəxəssislərindən birinə çevrilə bilərlər. Çünki peşəkar daşınmaz əmlak idarəçiliyi hər bir mülkün dəyərini qoruyan və artıran əsas amillərdən biridir”, - deyə İlqar Orucov tamamladı.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən