"Əlaçı" olub imtahanda niyə uğursuz olurlar? – Əməkdar müəllimdən sərt AÇIQLAMA

 19:45 19.06.2026     938

Dövlət İmtahan Mərkəzinin (DİM) hesabatına görə ötən il əlaçı kimi məzun olan 513 şagird qəbul imtahanlarında 0–200 bal aralığında nəticə qazanıb. Onlardan 32 nəfəri isə ümumiyyətlə 0–100 bal aralığında nəticə qazanıb.

Ortaya sual çıxır: əlaçı olanlar niyə yüksək nəticə əldə edə bilmir?

Redaktor.az-a danışan Əməkdar müəlliim Sona Əliyeva bildirdi ki, həqiqətən maraqlıdır: əgər uşaq məktəbi əlaçı kimi bitiribsə, niyə qəbul imtahanında 0–200 bal aralığında bal toplayır, hətta 32 nəfərin 0–100 bal toplaması başqa müəmmadır.

"Burada statistikanı  şagirdin imtahan günü həyəcanlanması ilə əlaqələndirmək yalnış olar. Bu, məktəbdə illərlə qeyri-şəfaf qiymətləndirmə prosesinin aparılmasının göstəricisidir. Çünki qəbul imtahanı məktəbdə yazılan qiymətlərin  nə qədər real olduğunu yoxlayır. Əgər illərlə əlaçı sayılan şagird sonda minimum nəticə göstərə bilmirsə, deməli, haradasa uşağın bilik səviyyəsi düzgün ölçülməyib".

Müsahibimiz qeyd etdi ki, bütün məktəblərdə qiymət həmişə bilik göstəricisi deyil:

"Bəzən şagird intizamlıdır, dərsə gəlir, müəllimlə problemi yoxdur, valideyn məktəblə əlaqədədir və nəticədə ona yüksək qiymət yazılır. Bəzən də müəllim “yaxşı uşaqlara” yaxşı qiymət yazır. Bu isə şagirdi də, valdieyini də aldatmaqdır. Çünki məktəbdə yazılan yalançı qiymət imtahanda heç bir rol oynamır. DİM şagirdin necə sakit, tərbiyəli, məsuliyyətli olduğunu bilmir. Onlarla yalnız cavab vərəqi danışır. Əgər bilik real deyilsə, nəticə acı həqiqət olur. Digər tərəfdən, məktəbdə yaxşı oxumaqla qəbul imtahanında yüksək nəticə göstərmək eyni şey deyil. Məktəbdə uşaq çox vaxt müəllimin izah etdiyi mövzunu təkrarlayır, tanış suallara cavab verir, gündəlik dərsə hazırlaşır. Qəbul imtahanında isə vaxtla yarışır, məntiq qurur, biliyi tətbiq edir, stress altında qərar verir. Əgər məktəb şagirdi buna hazırlamırsa, o şagirdin gündəlik qiyməti yüksək olsa da, imtahanda çətinlik çəkməsi təəccüblü deyil".

Əməkdar müəllimin fikrincə, burada region və imkan fərqlərini də unutmaq olmaz:

"Böyük şəhərlərdə şagirdlərin repetitor, kurs, sınaq imtahanı imkanı daha genişdir. Rayon və kənd məktəblərində isə bir çox uşaq yalnız məktəb dərsinə güvənir. Əgər məktəbin verdiyi bilik qəbul imtahanının tələbinə çatmırsa, həmin uşaq yerli məktəbdə əlaçı ola bilər, amma respublika üzrə rəqabətdə geri qalır.O baxımdan, bu qiymətlərin hansı məktəblərdə və hansı tədris mühitində verilməsini də araşdırmaq lazımdır".

S.Əliyeva hesab edir ki, bu statistika məktəb qiymətləndirməsini ciddi müzakirə etmək üçün əsas olmalıdır:

"Məktəbdə yazılan qiymət həqiqətənmi uşağın real səviyyəsini göstərir? Yoxsa qiymətləndirmə prosesi əlavə təsirlərə məruz qalıb? Çünki, həmin 32 nəfərin 0-100 bal toplaması isə artıq funksional savadsızlığın və məktəbdəki daxili monitorinqin sıfır dərəcəsində olmasının birbaşa sübutudur".

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən